Dünyamalıyev Ceyhun Zeynal oğlu oktyabrın 15-i 1996-cı ildə Culfa şəhərində anadan olub. 2002-ci ildə Culfa şəhər 2 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2011- 2014-cü illərdə hərb sənətinə yiyələnmək üçün Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirirək leytenant rütbəsinə yüksəlib və Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində xidmətə başlayıb. Leytenant Ceyhun “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb.
İgid Ceyhun müharibə başlamamışdan 2 ay qabaq "zabit qabaqda olar" , deyib, ön xəttdə savaşa qovuşulub. Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşa döyüşlərində fəal iştirak edib. 44 gün müharibədə qanı-canı bahasına torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Xüsusi Təyinatlı Qoşunların zabiti olan Ceyhun 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə ayağından aldığı qəlpə yarası səbəbilə qan itkisindən şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanımız anadan olduğu Culfa şəhərində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə " və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhadətə yüksələndən sonra silahdaşları onu unutmayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçuşu zamanı hərbi pilotumuz səmada olarkən Xüsusi Təyinatlı Qüvvələrin üzvü, şəhid leytenant Dünyamalıyevin şərəfinə onun adı yazılmış vərəqi havaya qaldırıb.