Mərd, qorxmaz, zəhmətə alışan Əzizağa sözündə də durur. Xidmətdən gəldiyi bir vaxtdan İkinci Qarabağ döyüşlərinə könüllü getdiyi bir günə qədər ailənin yükünü çiyinlərində tək daşıyır. İgidimizin arzularından biri də validenlərini Kərbala ziyarətinə göndərmək idi. Amma çox heyif ki, arzusuna çata bilmir. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək üçün könüllü yollandığı Vətən müharibəsindən şəhid kimi qayıdır. Hüseynovlar ailəsinin bircə övladı Əzizağa Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, Ağdərə istiqamətində gedən döyüşdə
16 oktyabr 2020 -ci ildə aldığı qəlpə yarasından qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Hüseynov Əzizağa Nizami oğlu ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Hüseynov Əzizağa Nizami oğlu ölümündən sonra
“Cəsur döyüşçü” medalı ilə təltif edilib.