Oktyabrın 14-ə Talış kəndi uğrunda gedən hərbi əməliyyat Ayaz Kərimovun son döyüşü olub.
Atası Azər Kərimovun oğlu ilə son telefon danışığı Ayazın şəhidlik zirvəsinə ucalmasından bir neçə gün əvvəl baş tutub. “Şəhid olmasından 4 gün əvvəl telefonla danışdıq. Dedi ki, ata, bu, son danışığımızdır. Cavab verdim ki, evdən çıxıb gəlirəm yanına. Dedi gəlmə, məni görməyəcəksən”.
A.Kərimovun sözlərinə görə, Ayaz yaralansa da, cəbhə xəttindən geri çəkilməyib. Düşmənin minaatan mərmisi yaralı döyüşçümüzün həyatına son qoyub.
“Əsgərliyə gedəndə demişdi ki, mən qayıtmayacağam. Hətta keçən il doğum günü tortunu kəsəndə dedi, ata, bu mənim son ad günüm olacaq. Elə bil ürəyinə dammışdı onun”, - Azər Kərimov deyir.
Oktyabrın 15-də Ayazın üçrəngli bayrağa bükülmüş nəşi Çadırlı kəndinə gətirilərək torpağa tapşırılıb. A.Kərimov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.