Orta təhsilini aldıqdan sonra Əli 2017-2018-ci illərdə qaydasız döyüş (MMA) idmanı ilə məşğul olmuş, bir çox respublika və beynəlxalq səviyyəli yarışların qalibi olmuşdur. O, 2019-cu ildə hərbi xidmətə yollanmış, 2020-ci ildə hərbi müddəti bitən zaman müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq orduda xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin,Cəbrayılın, Hadrut və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub. .
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda " medalı və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib, həmçinin “Hərbi xidmətlərə görə” medalı ilə də təltif olunmuşdur.