Əslən Ağsu rayonundan olan qəhrəmanımız ailənin ən kiçik övladı olub. 2007-ci ildə Akif Qambayzadə adına 148N məktəbdə 1-ci sinifə daxil olub. O, 2011-ci ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində Texnaloji Qurğuların Operatoru ixtisası üzrə təhsil alıb. İsrayıl Cəfərzadə həm də ‘’ Sərbəst güləş’’ idman növü ilə də məşğul olub. Rayonlar arası keçirilən yarışlarda 1-ci,2-ci və 3-cu yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunub. O, həm məktəb, həm də peşə təhsili aldığı müddətdə intizamlı, məsuliyyətli tələbə kimi hamının sevimlisi olub.
Təhsilini bitirdikdən sonra 2019-cu il iyul ayının 2-də hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu Fəxri Fərmanlar və Təşəkkürnamələrlə təltif olunur. 1 il 3 ay ərzində uğurlarının ardı-arası kəsilməyən qəhrəmanımız 2020-ci il may ayının 28-i ÇAVUŞ rütbəsi alıb. 27 sentyabr 2020-ci ildə hərbi hissədə həyəcan siqnalı verilib və o öz döyüş yoldaşları ilə cəbhəyə yollanıb. İsrayıl Tərtər, Taliş kənd, Ağdərə istiqamətində bir neçə postun işğaldan azad edilməsində xüsusi rol oynayıb.
Döyüş yoldaşları düşmən tərəfindən atılan minamyot nəticəsində şəhid olur və İsrayıl isə yaralanıb. Hüseynov Əkbər və Astanlı İqbal şəhid olduqda İsrayıl yaralı olduğu halda onların qisasını almaq üçün döyüşdən çəkilməyərək irəli gedib. O, Suqovuşanın, Füzulinin bir neçə kəndinin alınmasında iştirak edib. Qızğın döyüşlər zamanı sol çiyin hissəsindən yaralanan qəhrəmanımız yenidən döyüşə atılsa da namərd düşmən gülləsinə tuş gəlib. 16.10.2020-ci ildə Suqovuşanda gedən döyüşlər zamanı boyun nahiyəsindən snayper ilə vurulan qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb.
Qəhrəmanımız 18.10.2020-ci ildə Bakı şəhəri Sabunçu Rayon Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhid İsrayıl Cəfərzadə ” Vətən uğrunda” medalı ilə təltif olunub.
***
Xüsusi təyinatlı kəşfiyyat qrupunda baş kəşfiyyatçı olaraq komandası ilə bir yerdə ilk gündən İkinci Qarabağ Savaşında iştirak edir. Bir sıra vacib yüksəkliklərin, postların alınması uğrunda qəhrəmanlıqla vuruşur. Oktyabrın 14-də boyun hissəsindən yaralanır. Yara ölümcül olmadığı və döyüşdə iştirak etmək istədiyi üçün bunu gizlədir və davam edir.
Oktyabrın 16-sı axşam alnından və sol qolundan yaralanır, amma yenə döyüşə davam edir. 951-ci postun azad edilməsi uğrunda döyüşlərə qatılır. Döyüş yoldaşları deyirlər ki, həmin vaxt olduqları post mühasirəyə alınır. İsrayıl yoldaşlarına deyir ki, mən dayanmadan düşmənə atəş açacağam, onlar bura yaxınlaşa bilməyəcəklər, həmin müddətdə siz buranı tərk edin. Beləliklə, yoldaşları həmin mövqedən çıxırlar. Sonra özü də çıxmağa çalışır, amma düşmən snayperlə vurur və o, oktyabrın 17-də şəhidlik zirvəsinə ucalır.
Söhbət ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilən 20 yaşlı baş kəşfiyyatçı Cəfərzadə İsrayıl Namiq oğlundan gedir.
Bildirək ki, əslən Ağsu rayonundan olan İsrayıl 2000-ci il sentyabrın 30-da Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini Akif Qambayzadə adına 148 nömrəli məktəbdə alıb. Daha sonra texnoloji qurğuların operatoru ixtisası üzrə peşə təhsili alıb. 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanıb.
Qəhrəman şəhidimizi daha yaxından tanımaq, tanıtmaq üçün onun evinə yollandıq. Doğmalarının, dostlarının, döyüş yoldaşının dilindən onu tanımağa çalışdıq.
"Qalib gəlməyi, öndə olmağı sevirdi”
Anası Kəmalə Cəfərova deyir ki, oğlu həmişə öndə olmaq, qalib gəlmək istəyib və bunun üçün var gücü ilə çalışıb: "Qalib gəlməyi, öndə olmağı, ucalmağı sevirdi. Güləşlə məşğul olurdu, futbola gedirdi. Sərbəst güləşlə bağlı rayonlararası keçirilən yarışlara qatılırdı, mükafata layiq yerləri tuturdu. Bundan zövq alırdı. Hələ məktəb yaşlarında kompüterdə döyüş oyununda proqramla özünə forma geyindirirdi və döyüşürdü. Deyirdi ki, bir gün mən torpaqlarımızı geri qaytarmaq üçün düşmənlə canlı vuruşacağam. Bayraq, vətən sevgisi çox güclü idi. Döyüşlərdə iştirak etmək arzusunun ürəkdən gəldiyini də bilirdik. Dedi və istədiyini etdi, torpaqlarımızın geri qaytarılmasında onun da payı oldu”.
Atası Namiq Cəfərov bildirdi ki, İsrayıl hərbi xidmətə gedəndən qısa müddət sonra artıq seçilməyə başlayıb: "İdmanla məşğul olduğuna görə, fiziki olaraq əsgərlik üçün hazırlıqlı idi. Hərbi xidmətə yeni başladığı günlərdə ordumuzun 102-ci ildönümü ilə bağlı tədbirdə öz vətənpərvərliyini nümayiş etdirdi, həmin tədbirdə fəxri fərmanla təltif olundu. 3 aydan sonra isə hərbi hissənin kəşfiyyat bölümündə xidmətə başladı. Gənc əsgər kimi həmin hissədə də fəxri fərmanla təltif olundu”.
20 yaşını döyüşdə qeyd edir
Atasının sözlərinə görə, İsrayıl 20 yaşını döyüşdə qeyd edir: "Sentyabrın 27-si müharibə başlayanda, onun da döyüşə getdiyini bildik. Ayın 30-u ad günü idi, 20 yaşı tamam olurdu. Həmin günə qədər heç bir əlaqəmiz olmadı. Doğum günü səhər narahatlığımız artdı. Çünki ad gününə həmişə xüsusi yanaşırdı. Düşünürdük ki, indi hardadır, nə edir? Günorta saatlarında zəng vurdu, onun səsini eşidəndə, çox kövrəldim, duyğusal danışırdım. O isə çox böyük təmkinlə dedi: "Hər şey yaxşıdır, hər şey yaxşı olacaq. Torpaqları azad edək, bir yerdə gedib o torpaqları ziyarət edərik. Hər şeyi gözümün qabağına almışam. Mənə görə narahat olmayın, şəhid olaramsa, mənə görə ağlamayın”. Bu gün onun həmin sözləri ilə təsəlli tapırıq”.
Ailənin kürəkəni Nicat Mikayılov İsraillə ən son görüşənlərdəndir. O, son görüşdə diqqətini çəkən məqamdan danışdı: "Qohumluq öz yerində, amma o qədər pozitiv, ünsiyyətcil, zarafatcıl biri idi ki, qardaş kimi münasibət yaranmışdı. Döyüşlərdə iştirak edən vaxt da tez-tez ailəsindən xəbər alırdım. Elə oldu ki, oktyabr ayında işimlə bağlı cəbhəboyu rayonlara ezam olundum. Ayın 12-si təsadüfən görüşdük. Bu zaman diqqətimi geyiminin üstündəki ad çəkdi. Orda Əkbər Hüseynov yazılmışdı. Dedim ki, sənin forman niyə üzərində deyil? Dedi ki, bu dostum şəhid olub, onun qisasını almağa söz vermişəm”.
"Döyüşdə iştirak etmək üçün yarasını gizlədib”
Atasının sözlərinə görə, İsrayılın dostu Rəşad onu xilas etməyə çalışarkən şəhid olub: "İsrayılgil 6 nəfər bir yerdə kəşfiyyat qrupunda döyüşürdülər. Onların 5-i çox yaxın dost idilər. Əkbər, İqbal, Rəşad, Səbuhi və İsrayıl. Əkbərlə Səbuhi ilk günlərdə şəhid oldu. Mənim oğlum, yoldaşı Əkbərin köynəyini geyinir, onun kimliyini yaxasına taxır və söz verir ki, sənin qanını yerdə qoymayacağam. Sonra digər yoldaşları ilə döyüşə davam edirlər. Oktyabrın 16-sı axşam 530 nömrəli postun alınması uğrunda döyüşdə iştirak edirlər. Böyük və strateji postdur. Bu postun alınması zamanı İsrayıl yaralanır. Ağayev Rəşad həmin vaxt İsrayıla ilkin yardım göstərir. Yaralı halda döyüşə davam edir, 951-ci postun azad olunması uğrunda döyüşlərə qatılır. Bu zaman mühasirəyə düşürlər, döyüş yoldaşlarını həmin mövqedən çıxarır, özü çıxmaq istəyəndə isə boynunun sağ hissəsindən snayperlə vururlar. Həmin vaxtı Rəşad gəlib onu çıxarmaq istəyir və onu da başından vururlar, ikisi bir yerdə şəhid olur.
Öləndən sonra həkim İsrayılı müayinə edəndə, görür ki, boyun nahiyəsində əvvəldən alınmış yara da var. Kamera görüntülərində baxırlar ki, oktyabrın 14-ü də yaralanıbmış, amma döyüşdə iştirak etmək üçün bunu heç kimə bildirməyib, yaraya müdaxilə olunmayıb”.
Atası qəhrəmanlıqlarından dolayı oğluna həsəd apardığını deyir: "Bir neçə gün öncə İsrayılın xidmət keçdiyi hərbi hissədə oldum, döyüş yoldaşları ilə görüşdüm, söhbətləşdim. Hamısı İsrayılın igidliyindən, qəhrəmanlığından ağızdolusu danışdılar. Elə qəhrəmanlıqlarını dilə gətirdilər ki, valideyn olaraq deyil, adi bir vətəndaş kimi oğluma həsəd apardım. Belə bir vətənpərvər oğul olması, bu cür yetişməyi ilə qürur duydum”.
"Bu uşağın üzü daim gülürdü”
Kəmalə xanım deyir ki, oğlu hər zaman vətən üçün əlindən gələni etməyə çalışıb: "Texnikumda oxuduğu dövrdə könüllü fəaliyyətlərə qoşulurdu. Yaşıllaşdırma idarəsində könüllü işləyirdi, ağac əkilməsində iştirak edirdi. Şəhərdə təmizliklə bağlı işlərdə də könüllü olurdu. Avropa Oyunlarının könüllülərindən biri də o idi. Həmişə deyirdim ki, dərs, sonra o işlər, yorularsan. Deyirdi ki, yox, vətənə belə də xidmət etmək lazımdır. Vətən üçün nəsə etmək özünün içindən gəlirdi”.
Anası İsrayılın gülərüz olduğunu, tənqidlərə belə gülə-gülə cavab verdiyini deyir: "Toylarda, məclislərdə çox aktiv idi, gözəl rəqs edə bilirdi. Həm milli, həm müasir rəqsləri çox gözəl bacarırdı. Şən adam idi. Bu uşağın üzü daim gülürdü. Kinli bir sözü olmazdı, acıqlı nəsə söz deməzdi. Birdən acıqla deyirdim ki, dur, kitab oxu, gülə-gülə üzümə baxıb deyirdi ki, oxuyacağam da. Həmişə gülər üzlə cavab verirdi”.
"Bütün suallarıma "gələrəm, danışarıq” deyirdi”
Ən çox ünsiyyət qurduğu böyük qardaşı, Hərbi Hava Qüvvələrinin giziri Kamil Cəfərzadə olurmuş. Elə döyüşlər ərəfəsində də imkan olduqca tez-tez onunla əlaqə saxlayırmış: "Müharibə dövründə təbii ki, telefonda çox şey danışmaq olmur. O da buna ciddi şəkildə riayət edirdi. Mən də hərbçiyəm, bilirəm ki, telefonda hər şeyi danışmaz olmaz. Amma arada zarafatla deyirdim ki, neçə erməni öldürübsən, nə işlər görübsən? Bütün suallarıma "gələrəm, danışarıq” deyirdi. Amma qismət olmadı”.
K.Cəfərzadə elə döyüş ərəfəsində də telefon danışıqlarından anlayır ki, qardaşı evə şəhid kimi dönəcək: "Uşaq vaxtı hardasa mənim nəsə söhbətim düşürdüsə və o, gəlib bunu görürdüsə, mən qıraqda qalırdım, balacalığı ilə davaya girişirdi, onu sakitləşdirə bilmirdim. Uşaqlıqdan onda qorxmaq kimi xüsusiyyət görməmişəm. Nə qədər riskli hal olsa da, özünü qabağa atırdı. Döyüş varsa, onun arxada qalmayacağını, öndə olmağa çalışacağını gözəl bilirdim. Elə bir yerdir ki, bizim ona nə isə məsləhət verməyimiz də düz çıxmırdı. Bircə deyirdim ki, özünü qoru. Deyirdi ki, narahat olma. Amma qardaşımı tanıdığım qədərilə bilirdim ki, şəhid olacaq. Onun gözü şəhidlik zirvəsində idi. Heç vaxt İsrayılın yaralanacağını, evə gələcəyini təsəvvür etmirdim. Danışığı, sözləri, hərəkətləri ilə məndə o əminliyi yaratmışdı ki, şəhid olacaq”.
Kamil deyir ki, qardaşı hərbi xidməti başa vurandan sonra hərbçi kimi davam etmək fikrində idi: "Ailəmizdə hərbçi çoxdur. Mən, əmilərim, əmim uşaqları. Xidmət etdiyi hərbi hissədən İsrayıla orda qalmağı təklif ediblər. Amma deyib ki, mən qardaşımın yanında xidmət edəcəyəm. Müharibə olmasaydı, hərbiyə yönələcəkdi, çünki böyük həvəsi var idi”.
"Tez-tez "Müharibə başlasaydı, döyüşərdik” deyirdi”
Xüsusi təyinatlı kəşfiyyat qrupunun baş kəşfiyyatçısı, döyüş yoldaşı, qazi İlkin Alıyev deyir ki, İsrayıl torpaqları işğaldan azad etmək üçün hər an döyüşə hazır olduğunu bildirirmiş: "15 ay idi ki, İsrayılı tanıyırdım. Tez-tez "Müharibə başlasaydı, döyüşərdik” deyirdi. Kəşfiyyatçı kimi döyüş görmək, torpaqlarımızı azad etmək istəyirdi. İşinə çox məsuliyyətlə yanaşırdı, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirirdi. Bu səbəbdən sonradan onu xüsusi təyinatlı ikinci qrupun baş kəşfiyyatçısı vəzifəsinə təyin etdilər və döyüşə də bu vəzifə ilə qatıldı, torpaqlarımızın azad edilməsi uğrunda çox aktiv iştirak etdi. Hətta zarafatla deyirdi ki, o vaxt müəllim mənə tarixdən 2 yazırdı, amma mən indi tarix yazıram”.
İ.Alıyevin sözlərinə görə, təhlükəli situasiya olanda, İsrayıl özü öndə gedirdi ki, nə isə olsa, ona olsun, döyüş yoldaşlarına yox: "Minalanmış ərazini minatəmizləyən qrup təmizləməlidir ki, döyüş heyəti keçsin. Əks halda hər addım böyük təhlükədir. Mən yaralananda, minalanmış bir ərazinin ortasında idim. Ora gəlmək riskli idi. Minalanmış sahəyə keçmək lazım olanda, İsrayıl birinci özü keçirdi, ayağı ilə cığır açırdı. Getdiyi yolun təhlükəsizliyinə əmin olandan sonra döyüş yoldaşlarına o cığırla gəlməyi tapşırırdı. Bu üsulla mənim yanıma gəldilər, bir də gördüm ki 4 dost başımın üstündə dayanıblar, çox kövrəlmişdim. Çiyinlərinə alıb məni minalanmış ərazidən çıxardılar. İsrayıl dedi ki, bu yaranın qisasını onlardan alacam”.
İ.Alıyev İsrayılın çox güclü iradə sahibi olduğunu da dedi: "Əgər nəyisə edəcəyini deyirdisə, iradəli olurdu, onun üçün davamlı çalışırdı və əldə edirdi. İdmana çox həvəsli idi. Kəşfiyyatda olanlar üçün də idman xüsusilə vacib idi. Həmişə bölükdə ən güclü normativ məndə olurdu. Deyirdi ki, komandir, vaxt gələcək idmanda sizi keçəcəyəm. Elə də oldu, axırıncı dəfə normativləri ilə məni keçdi. Çox rəqabətcil idi. Önə keçmək istəyirdi. "Mən edərəm”, "Mən görərəm” deyirdi”.
"Özündən böyüklərlə oturub-dururdu”
Dostu Rusif Məmmədov deyir ki, İsrayılın danışığı, hərəkətləri, hadisələrə yanaşmasına baxanda, öz yaşından daha yuxarı olduğunu demək olardı: "12-13 yaş fərqimiz var idi, amma o yaşıdları ilə deyil, özündən böyüklərlə oturub-dururdu. Peşə məktəbinə oxuyurdu, ordan bir-iki yaşıd dostu var idi, amma çox vaxt böyüklərin içində olurdu. Biz də onu öz tay-tuşumuz kimi qəbul edirdik. Çox mərd, sözübütöv, dediyini edən idi. Buna görə məhəllədə hamı onu çox istəyirdi”.
İsrayıl xarakteri ilə dost-tanışının, qohum-qonşunun sevgisini qazanmışdı, qəhrəmanlığı ilə isə bütün xalqın sevgisini qazanan oğullardan oldu. (moderator.az)