Qəhrəmanov Ruslan Mehman oğlu 1988-ci il oktyabr ayının 6-da, Almaniyada, hərbiçi ailəsində dünyaya göz açıb.
Atası Mehman Qəhrəmanov birinci Qarabağ döyüşlərində iştirak edib, müharibə Veteranıdır, Qarabağ qazisi olub. Şəmkirin Keçili (indiki Xuluf) kəndində böyüyüb başa çatıb şəhidimiz. Keçili kəndinin Rövşən İsmayılov adına 2 saylı orta məktəbində 9-cu sinifə kimi təhsil alıb. Vətənə olan hədsiz sevgisi onu Cəmşid Naxçıvanski adına hərbi liseyə aparıb. Özü tibbə meylli olsa da fikrini dəyişib hərbiçi olmaq qərarına gəlib. Liseyi bitirdikdən sonra Ali Hərbi məktəbə qəbul olub və Leytenant olaraq Vətənə xidmətə başlayıb.
2016-cı ildə aprel döyüşlərinin iştirakçısı olub. Ən boyük arzusu döyüşərək Kəlbəcərə girmək olan igidimizin hətta məzar daşında da qardaşına olan bu son sözləri həkk olunub, son arzuları yazılıb.
Bir dostu ona sən “general” olacaqsan demişdi, Ruslan isə general “əqidə” deyil deyə cavab verir.
Döyüşlərdən öncə “ona çalış şəhid olma, körpə balaların səni gözləyir- deyən dostuna, Ruslanın cavabı isə “mən ora elə şəhid olmağa gedirəm” olub.
Qızlarına getmədən öncə tapşırıb ki, “Mən şəhid olanda öndə sizlər gedin, bayrağımızı tutaraq. Fəxrlə “Vətən sağ olsun deyin”!
Şəhidimizin son sözləri: “Tam hazıram mən hər şeyə. Mən şəhid olsam oğlum gəlir əvəzimə. Gözüm arxada qalamayacaq. Nə həyəcanla gözləyirəm gecənin o qaranlığında Kəlbəcərə girməyi”…cümlələri olub.
Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərdə kəşfiyyatda mühasirəyə düşürlər, dostlarını xilas eləmək üçün maşından düşüb siz gedin, mən sizi qoruyacam deyib və XTQ kapitanı Qəhrəmanov Ruslan oktyabr ayının 5-i snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhid Ruslan Qəhrəmanov “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
İki qızı və 1 oğlu olan qəhrəmanımızın üzünə, qoxusuna doymadığı Yusif balası 10 günlük idi döyüşlərə başlayanda.