Alməmməd Qərib oğlu Babayev 23 noyabr 2000-ci ildə Salyan rayonunun Sarvan kəndində anadan olub. Alməmməd Sarvan kənd tam orta məktəbində təhsil alıb.
Ailədə 4 qardaş olub, çətinliklə böyüyüblər. Dərs oxumaqla arası olmayan, müəllimləri tərəfindən danlanan şagird sonradan adını Vətən müharibəsi tarixinə şəhid kimi həkk edib.
Alməmməd əsgərliyini Ağdam-Ağcabədi ərazisində çəkib. Xidməti dövründə böyük uğurlar əldə edib. Təzə işə düzələn qəhrəmanımız ilk maaşını alan kimi anasına verərək, hər şeyin yaxşı olacağını deyib.
Lakin ananın taleyinə əzabların ən ağırı yazılıb. Alməmməd sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Balasına doymayan ana oğlunun mübarək nəşini böyük izdihamla kənd məzarlığında torpağa tapşırıb.
Ölümündən sonra şəhid Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ”Vətən uğrunda” , "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.