2021/02/Şəh-4841470890.jpg

line
Adı: Mirzəyev
Soyadı: Elyar
Ata adı: Cəlal
Doğum tarixi: 06.09.1984
Şəhid olub: 14.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Mirzəyev Elyar Cəlal oğlu 1984-cü il, senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. 1990-cı ilə Sərdar İmrəliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib.

Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkədə tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da, hərbi xidmətə getməyi seçir.

2002-ci ilin oktyabrın 10-da Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elyar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində hərbi xidmətdə olub. Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, Ədliyyə Nazirliyinin "Ədliyyə" klubunda oynamağa davam edib. Hərbi xidməti başa vurduqdan sonra, 2004-cü ilin aprelindən "Bakılı" futbol klubunda çıxış etməyə başlayıb. Sonra ailə qurması ilə əlaqədar rayona qayıdıb, xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb. 2006-2007-ci illərdə "Mil" futbol klubunun tərkibində Respublika həvəskarlar liqasında Azərbaycan çempionu olub, eyni zamanda ölkə kubokunu qazanıb. Bir müddətdən sonra yenidən Bakıya qayıdaraq, EKOL MFK-da (mini futbol klubu) məşqlər keçib, sonra yenidən rayona gəlib.

2016-cı ildə isə ailə üzvlərinə bildirmədən sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna verir. Kursu uğurla bitirən Elyar Beyləqan rayonunda yerləşən hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlayıb. Yaxınlarının sözlərinə görə, Elyarın hərb sənətinə uşaqlıqdan xüsusi marağı olub. Lakin o, evin tək uşağı olduğuna görə, hərbçi olmaq istəyinə valideynlərinin verəcəyi reaksiyadan çəkinirmiş. Buna görə də, bu barədə ailəsinə işə başladıqdan sonra məlumat verib.



Elyar qısa müddət ərzində peşəkar hərbçi kimi formalaşır, dəfələrlə fəxri fərman və təşəkkürnamələr ilə təltif olunur.
Hərbi xidməti dövründə də futbol karyerasını davam etdirən Elyar 2019-cu ildə Gəncədə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə ordu çempionatında ikinci ordu korpusunun komandasının tərkibində ordu çempionu olub.



Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlıqları ilə fərqlənir. O, müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" xətti adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad olunmasında iştirak edir. Həmin vaxtlar ailəsi ilə əlaqə saxlamağı da unutmur, onlara zəng vurub, ürək-dirək verir, hər şeyin yaxşı olacağını deyirdi. 

Füzuli, Cəbrayıl və Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlir. O, dəfələrlə özünü təhlükəyə ataraq, döyüş anında atəş altında qalan yaralı yoldaşlarını xilas edib.

Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb.



Elyarın 2 övladı Vətənə əmanət qalıb. Oğlu Əşrəf 2005-ci ilin iyulun 21-də, futbolçu olub atasının yolunu davam etdirmək istəyən qızı Xanım isə 2006-cı ilin noyabrın 3-də anadan olub.