Şəhidin anası Səidə Seyfullayeva oğlunu fəxr və qürurla yad edir: “Fərid Vətən müharibəsi başlayandan odun, alovun içində olub. Amma bizə hər hansı çətinliyi barədə heç nə demirdi. “Məndən nigaran olmayın, mən dünənki əsgər deyiləm” deyib, bizi arxayın edirdi. Qardaşım Birinci Qarabağ döyüşlərində şəhid olub. Zəng edəndə deyirdi ki, “ana dayımın qisasını alıram. Düşmənə nəfəs almağa imkan vermirik”. Deyirdim, özünü qoru, gözümün ağı-qarası bircə oğlumsan”.
Döyüş yoldaşı Zeynal Məmmədov şəhidi vətənpərvər kimi xatırlayır: “İki ay idi tanış idik. Çox yaxşı yoldaş və döyüşçü idi. Şuşa uğrunda qızğın döyüşlər gedirdi. Ermənilərin silah-sursatını götürüb gəlirdi. Çox mərd döyüşçü idi.”
Şəhidin bacısı Fəridə Seyfullayeva qardaş itkisi nə qədər ağır olsa da, Fəridlə fəxr etdiyini bildirir: “Müharibə vaxtı zəng edəndə deyirdi ki, bacı, mənim üçün həmişə dua elə. Yadımdadır, Mübariz İbrahimov, Fərid Əhmədov şəhid olan vaxtı videolara baxırdı. Orada Fəridin adı gələndə Əhmədov yerinə öz soyadını - Seyfullayev deyirdi. Məktəbdə tədbirlərdə hərbi formanı geyinib qürurla gəzərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Fərid Seyfullayev 2 il əvvəl ailə qurmuşdu. Ayla adında bir yaşlı qız övladı var idi. Həyat yoldaşı Ağabacı Seyfullayeva deyir: “Bir qız övladımız var. Yoldaşımla fəxr edirəm. Vətənpərvərliyi ilə qürur duyuram. Sonuncu dəfə oktyabrın 31-i danışdıq. Övladımızı çox istəyirdi. Hər dəfə zəng edəndə ilk onu soruşurdu”.