Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Turxan Rizvan oğlu Məmmədov 1998-ci il avqustun 9-da Gəncə şəhərində anadan olub.
Turxan Məmmədov 2005-2009-cu illərdə Gəncə şəhərində 32 nömrəli tam orta məktəbdə, 2015-2016-cı illərdə isə Gəncə şəhərində N. Aydın adına 18 nömrəli tam orta məktəbdə təhsil alıb.
2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bərbər kimi çalışmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Turxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Turxan Məmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı Gamışdağ istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarınaa əsasən Turxan Məmmədov ölümündən sonra " Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, medalları ilə təltif olunmuşdur.