2021/03/16058-1615558842.jpg

line
Adı: Əhmədli
Soyadı: Şahid
Ata adı: Gülməmməd
Doğum tarixi: 17.10.1992
Şəhid olub: 12.10.2020
Rütbəsi: leytenant
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı

İkinci Qarabağ Müharibəsində şücaət göstərən, Vətənin, torpağın azadlığı uğrunda öz canından keçən qəhrəmanlarımızdan biri də Baş Leytenant Əhmədli Şahiddir. 


Əhmədli Şahid Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib və şəhid olub.



Şəhidimizin həyat yoldaşı Dilşad Əhmədli bildirib ki, Əhmədli Şahid Saatlı rayonunun Qaracalar kəndində dünyaya göz açıb: “Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. İlk təyinatı 2015-ci ildə Tərtər rayonunda düşmənlə üz-üzə olan posta olub. Son təyinat yeri isə Mingəçevir idi”. 




Dilşad Əhmədli qeyd edib ki, Baş Leytenant Əhmədli Şahid Aprel zəfərində də böyük şücaət göstərib: “Müdafiə naziri Zakir Həsənov igidliyinə görə onun özü ilə görüşüb, mükafatlandırıb, Fəxri Fərmana layiq görmüşdü”. 



D.Əhmədli həyat yoldaşının müharibənin başlayacağı günü səbrsizliklə gözlədiyini vurğulayıb: “İkinci Qarabağ Müharibəsinə sentyabrın 26-sı gedib. Həmin tarixdən sonra onu bir daha görmədim. Tərtərin Talış kəndində üz nahiyəsindən snayper gülləsinə tuş gəlib. 


Mənə tez-tez deyirdi ki, kaş müharibə başlasın, torpaqlarımızı geri qaytaraq. Bunun başqa yolu olmadığını təkrarlayırdı. Xocalı soyqırımında baş verən müsibətləri xatırladıb, qisasını alacağı anı həvəslə gözlədiyini danışırdı. Anası və mən düşməndən özünü qorumasını tapşıranda, "düşmən kimdir ki, məni öldürsün" deyirdi.



Murov dağı silsiləsindəki Murov zirvəsinin azad edilməsində iştirak edib. Bundan əlavə, onun adına zirvə verilib – Şahid zirvəsi. Suqovuşanın alınması əməliyyatında yer alıb. İştirak etdiyi əməliyyatlar çox olub. Amma mən hamısı haqqında məlumatlı deyiləm. 


O, Şahid Əhmədli ilə 2016-da ailə həyatı qurduğunu deyib: “İki qız övladımız var. Böyük qızımın 3, balaca qızımın isə 1 yaşı var”. 



Dilşad Əhmədli Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancan igidin Şahid Əhmədli olduğunu bildirib: “Həmin postun alınmasında böyük qəhrəmanlıq göstərib.


Yoldaşımın mərdliyini qorxmazlığını, şücaətini izah etmək və danışmaq mənim üçün böyük qürurdur. Onun haqqında danışmaq nə qədər çətin olsa da, istəmirəm unudulsun, istəyirəm hamı onu tanısın. Bu vətənin necə igidlər böyütdüyünə hamı şahid olsun. Tək onu yox, bütün şəhidlərimizi yadda saxlamaq, anmaq, unutmamaq bizim mənəvi borcumuzdur”. 




Həyat yoldaşının fərdi keyfiyyətlərindən söz açan D.Əhmədli qeyd edib ki, Baş Leytenant Əhmədli Şahid çox yaxşı hərbçi və gözəl ata idi: “Xarakter olaraq təmiz, mehriban və ailəsinə bağlı idi. Başqalarının yanında sakit olmasına baxmayaraq, övladları və mənimlə şən davranan, deyib-gülən biri idi. Fəxr edirəm ki, onun həyat yoldaşı və övladlarının anasıyam. O, Şəhid olduğu üçün pis olmuram. Övladlarımın atası və həyat yoldaşımı itirdiyim üçün pis oluram...”



Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahid Əhmədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki,Şahid Əhmədli vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə daha əvvəl "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif edilib.



memorial.az