2021/09/famla-1632780524.jpg

line
Adı: Əhmədzadə
Soyadı: Ağaəhməd
Ata adı: Famil
Doğum tarixi: 23.10.1975
Şəhid olub: 14.10.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Famil Əhmədzadə şəhidliyi ilə Azərbaycan müəllimliyinin obrazını daha da zənginləşdirməyə, onu ölümsüz etməyə nail oldu. Şəhadət, Famil müəllimin həyatının ən mükəmməl dərsi idi. O, bu dərsi ilə sübut etdi ki, yer üzündə ən uca ad şəhidlikdir, müəllimin isə ən mükəmməl dərsi öz şəxsi nümunəsidir…

Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr, 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Ailəsi İsmayıllıya köçdüyünə görə Famil 1982-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib. Orta təhsil illərində məktəbin savadlı, ictimai işlərdə fəal şagirdlərindən biri kimi tanınıb. 1992-ci ildə orta məktəbi əlaçı məzun kimi başa vurub.

Famil orta məktəbi bitirdiyi il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olub. Akademiyanın sayılıb-seçilən tələbələrindən olan Famil 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi alıb.

Famil Əhmədzadə 1997-ci ildə məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1999-cu ilin əvvələrində Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanıb. 2000-ci ilin 9 noyabrında hərbi xidmətdən baş leytenant kimi tərxis olunub. Hərbi xidmətdən sonra yenidən doğma məktəbində pedaqoji fəaliyyətini davam etdirib. Famil Əhmədzadə rayonda, eləcə də respublikada ən yaxşı müəllim kimi tanınıb. Onun bir müəllim kimi ən böyük arzusu vətənə layiqli vətəndaşlar yetişdirmək olub.

Famil 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. Ürəyində böyük vətən sevgisi yaşadan cəsur zabit, müəllim Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynayıb. Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Famil Əhmədzadənin nəşi noyabrın 3-də əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 dekabr 2020-ci ildə “Vətən uğrunda” medalı, 18 dekabr 2020-ci ildə “Döyüşdə fərqlənməyə görə” və 24 iyun 2021-ci ildə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.