Əmrah Namiq oğlu Hüseynli 12 Oktyabr 1994-cü ildə Cəlilabad rayonunda anadan olub. 2010-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2017-ci ildə hərbi məktəbi "Taktiki kəşfiyyat qoşunları komandiri" ixtisası üzrə leytenant hərbi rütbəsində bitirib. Xüsusi təyinatlı qüvvələrin Təməl komando kurslarını keçib və xüsusi təyinatlı qüvvələrdə xidmətə başlayıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Əmrah Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Murov zirvəsi, Cəbrayıl, Füzuli rayonlarının düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Xocavənd rayonu Hadrut qəsəbəsi uğunda gedən döyüşlərdə 7 Oktyabr tarixində yanında mərmi partlaması nəticəsində yaralanır, amma 4 gün hospitalda qaldıqdan sonra yaralı halda silahdaşlarının yanına qayıdır. O, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının çox sayda kəndlərinin azad edilməsində yaxından iştirak edib. 26 Oktyabr tarixində Xocalı rayonun Çanaqçı kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Bir gün sonra doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılıb.
Qardaşı şəhidimizin döyüş yolunu belə təsvir edir:
“Əmrah Xüsusi Təyinatlı Qüvvələrin olduğu hərbi hissədə çalışırdı. Nə vaxt zəng etsəm, hər zaman müsbət əhval-ruhiyyədə cavab verirdi. Heç vaxt xidmətdən və ya yoldaşlarından gileylənməzdi. Öz işi ilə fəxr edir və zövq alırdı. 27 sentyabrda Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından sonra qardaşımla bir də 4 və 6 oktyabr tarixlərində əlaqə saxlaya bildim. Dedi salamatlıqdı, hər şey yaxşıdır, darıxma. İki gün əlaqə saxlaya bilmədim. 8 oktyabrda məni yığdı ki, Göyçaydayam, bizim bir köhnə yoldaş var, ona de yanıma gəlsin. Sən demə qəlpə yarası və kontuziya almışdı. Bunu bizdən gizlədirdi. Göyçayda tanışlarım olmadığından əmimlə getmək məcburiyyətində qaldım. Əmi uşaqları və bir dostumuz da bizimlə getdi. Amma yanına getdiyimizi özünə demədim. Xəstəxananın həyətində bizi görüb həm sevindi, həm də pis oldu ki, həmin vəziyyətdə onu gördük. Hər şeyin yaxşı olduğunu dedi, ağrısı olsa belə onu bizə hiss etdirmədi. 12 oktyabrda ad günü ilə əlaqədar yanına getdik. Dedi bizi Tərtərə tibb məntəqəsinə aparırlar. Yoxlanışdan keçəcəm. Vəziyyət yaxşı olsa, döyüşlərə davam edəcəm. Özünü narahat hiss etmədiyi təqdirdə iştirakını normal qarşıladığımı özünə dedim. Əsas odur özünü gümrah hiss etsin. Dedi narahat olma, mən yaxşıyam. Tort kəsdik, doğum gününü qeyd etdik. Elə bir vəziyyət yarandı ki, Tərtərə gedəsi olmadı. Neçə illik dostunun şəhid olduğunu eşidəndən sonra Füzuliyə getdi. Onu xəstəxanada heç kim saxlaya bilməzdi”.
Orxan qardaşının şəhid olma anını belə xatırlayır:
“1 ay anamdan hər şeyi gizlətdik. Nə vaxt Əmrahı soruşsa ki, vəziyyəti necədir, zəng edirmi, cavab olaraq hər şeyin yolunda olduğunu deyirdim. Əmrah 24 oktyabrda mənə zəng etdi. Anamla danışdı. Şifrəli formada bizə Şuşada olduğunu dedi. Dedi biz çox qabaqdayık və irəliləyirik. 26 oktyabra qədər hər gün yığırdım, zəng çatmırdı. 27 oktyabrda Cəlilabad rayon Hərbi Komissarlığından mənə zəng etdilər ki, qardaşınız ayağından yaralanıb. Əmimlə yola düşməzdən qabaq bir heyət yoldaşı mənə dedi ki, Əmrah artıq zirvədədir. Başımız sağ olsun. Vəziyyəti artıq anlamışdım. Yenə də bu xəbəri anamdan gizlətdik ki, narahat olmasın. Onu Füzuli rayonundan gətirdik. Bədəninin hər yeri normal vəziyyətdə idi. Ancaq başının sağ gicgahına toxunanda, əlim qan oldu. Soruşduqdan sonra anladım ki, başından güllə zərbəsi alıb. Yanında döyüşən yoldaşlarından biri ilə ətraflı danışdım. O, 26 oktyabrda Şuşada basqına və təzyiqə məruz qaldıqlarını dedi. Həmin yoldaşı 2 metr yaxınlıqda Əmrahın başından yaralandığını görüb, təhlükəsiz yerə apardıqdan sonra döyüşlərə davam etdiyini dilə gətirdi. Daha sonra ermənilər geri çəkildilər. Əmrahı maşınla Füzuli rayonunun Əhmədbəyli kəndinin xəstəxanasına gətirdilər”.
O vurğulayıb ki, H.Əmrah Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının bir çox kəndlərinin azad edilməsində yaxından iştirak edib:
“Ailəli deyildi, ancaq istədiyi qız var idi. Əmrah bir çox idman növləri ilə məşğul olub. 2017-ci ilin fevral ayında atam dünyasını dəyişdi. O, akademiyada oxuya-oxuya aldığı təqaüdlə belə evə əl tutar, yardım edərdi. Həmin ərəfələr mən də tələbə idim. İşlədiyi ərəfələr aldığı maaşın 1 manatını belə tək xərcləməzdi. Özü pulsuz qalsa belə evin bütün təminatını həll edirdi. Əmrah qohum-əqrəbanı düşünən, heç kimlə işi olmayan, başqalarını incitməyən biri idi. O, döyüş bölgəsində belə ibadət edirdi. Atışma altında belə ibadət etdiyini bilirəm”.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Əmrah Namiq oğlu Hüseynli ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə medalı", "İgidliyə görə" medalları ilə təltif edilib.