Zahir Eyvaz oğlu Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub. 1999-2007-ci illərdə A. Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Oğuz şəhərində E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.
Zahir Feyzullayev 2011-ci il yanvar ayının 1-də Oğuz rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlayıb. 2012-ci ilin iyul ayında xidmətini bitirib. 2013-cü il noyabr ayının 12-də Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olunub, 2014-cü il yanvar ayının 25-də kursu bitirib. Həmin ilin yanvarından fevralına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandiri, fevral ayından 2015-ci ilin mayına qədərsə N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandirinin müavini, 2018-ci ilin iyuluna qədər də qrup komandirinin müavini vəzifəsində xidmət edib. Qəhrəmanlıqlarına görə 2018-ci ildə "kiçik leytenant" hərbi rütbəsi, 2019-da isə "leytenant" rütbəsi alıb.
Türkiyənin Ankara şəhərində 2015-ci il mayında "Görüntülü hədəf qiymətləndirmə" kursunu, 2017-ci ilin aprel-iyul aylarında isə "Hərbi sərbəst paraşut" kursunu keçib. 2018-ci ildə Kayseridə "Statik təməl paraşut" və "Statik paraşütçü buraxıcı və yer ekip komutanlığı" kurslarında iştirak edib. Bir il sonra isə Kars və Kayseri şəhərlərində "Qış-2019" təlimlərinə cəlb edilib.
Azərbaycan Ordusunun leytenantı olan Zahir Feyzullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Döyüşlər zamanı bir neçə dəfə tabeliyində olan əsgərləri döyüş meydanından təxliyə edib, həmçinin Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Döyüşlər vaxtı leytenant Feyzullayev polkovnik-leytenant şəhid Anar Əliyevin dəstəsində xidmət edib. Komandiri Anar Əliyev, Zahir Feyzullayev və daha bir döyüş yoldaşı ilə 3 nəfərlik kiçik dəstə bir neçə kəndin azad edilməsində xüsusi rol oynayıb. Anar Əliyev Zəngilan rayonunun düşməndən azad olunmasını Azərbaycan Respulikasının Prezidentinə məruzə etdiyi vaxt Zahir də həmin qrupun tərkibində yer alıb.
İgid Zahir şəhid olan hər döyüş yoldaşının dəfn olunduğu gün ailəsinə zəng edərək onun qisasını onlarla ermənini məhv etməklə aldığını bildirib. Döyüş yoldaşları danışır ki, onlar gecə vaxtı döyüş tapşırığını icra etməyə gediblər. Səhər geri qayıdanda geyimləri qan içində olub. Əvvəl onları qarşılayanlar elə zənn ediblər ki, Zahirgil yaralanıblar. Lakin sonra üstlərindəki qan izlərinin onlara yox, əlbəyaxa döyüş vaxtı məhv etdikləri ermənilərə məxsus olduğunu biliblər. Zahir dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş bölgəsindən təxliyə edib. Lakin oktyabrın 19-da Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə hücum zamanı yaxınlığına düşən mərmi onu şəhidlik zirvəsinə yüksəldib. Qəhrəman şəhimiz, xüsusi təyinatlı leytenanat Zahir Feyzullayev ayın 20-si Oğuz rayonunda dəfn edilib.
Qəhrəmanımız Zahir Eyvaz oğlu sağlığında hərbi xidmətlərinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı , ölümündən sonra isə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.