Ramin Bayramov 1979-cu il, oktyabrın 8-də Cəlilabad rayonunun Alar kəndində anadan olub. 1986-1996-cı illərdə kənd məktəbində orta təhsil alan qəhrəmanımız sonradan təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində davam etdirib. 2000-ci ildə, ali təhsilini başa vuran kimi həqiqi hərbi xidmətə yollanan R.Bayramov ordudan 2006-cı ilin iyulun 1-də baş leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
Aradan keçən illər ərzində müxtəlif sahələrdə çalışaraq, arzularını bir-bir həyata keçirən Raminin tək nisgili torpaqlarımızın hələ də yağı işğalında qalması idi. Xüsusən müharibədən öncəki son hadisələr onu özündən çıxarır və qaynar nöqtəyə səsləyirdi. Tovuz hadisələrindən sonra dostuna göndərdiyi səs yazısında “Müharibə başlasaydı, biz də gedərdik. Adamın bağrı çatlayır. Heç olmasa, biz də qisasımızı alardıq”, – deyirdi.
Yəqin elə bu tələskənliyinə görə idi ki, səfərbərlik elan olunan gün hərbi komissarlığa yollanır və yaxınlarına da oradan birbaşa cəbhəyə gedəcəyini deyir. O, sentyabrın 28-də artıq ön cəbhədə idi. Yaxınları onun savaşın, qan-qadanın içinə deyil, sanki toy-düyünə gedirmiş kimi sevinclə, qürurla, tələsə-tələsə, həyəcanla getdiyini deyirlər.
Bölük komandiri vəzifəsini icra edən baş leytenant ən qaynar nöqtələrdə, ən ağır döyüşlərdə sona qədər vuruşur. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının düşməndən azad edilməsi uğrunda böyük şücaət göstərir. O da döyüş yoldaşları kimi Şuşa, Cıdır düzü, İsa bulağı həyəcanı ilə irəliyə can atırdı. Sözün əsl mənasında, “Sonunu düşünən qəhrəman olmaz” prinsipilə qorxmadan vuruşur.
Vətən müharibəsinin zəfərlə başa çatmasına sayılı günlər qalarkən Qubadlı istiqamətində şəhadətə ucalır. Noyabrın 11-də Alar kəndində dəfn edilən şəhidimizin igidlik, cəsarət missiyasını Yusif və Yunus adlı iki oğlu və intizarlı gözləri yollardan yəqin heç vaxt yığılmayacaq qızı Nərmin davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ramin Bayramov ölümündən sonra "Vətən uğrunda" və "İgidliyinə görə" medalları ilə təltif edilib.