Orxan Cabbarov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Xidməti zamanı Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna yazılıb, kursu bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə qərar verib.
2015-ci ildən Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad və Xızı rayonlarında yerləşən “N” saylı hərbi hissələrində xidmət edib.
Orxan Cabbarov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlər zamanı Talış istiqamətində döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müharibə zamanı o, Ermənistan Silahlı Qüvvələrinin zabitini əlbəyaxa döyüş zamanı öldürüb. Orxan Cabbarov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Təltifləri
— "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)