Xəlili Samir Əhməd oğlu 1997-ci il sentyabrın 6-da Bakıda doğulub. Nizami rayon 62 saylı məktəb-liseydə təhsil alıb. 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub. Su mühəndisliyi üzrə aldığı təhsilini 2018-ci ildə tamamladıqdan qısa müddət sonra hərbi xidmətə yollanıb.
Gözündən əməliyyat olunduğu üçün ona 6 aylıq möhlət hüququ verilsə də, dəfələrlə hərbi komissarlığa müraciət edərək, hərbi xidmətə getmək istədiyini bildirib. Bu səyləri nəticəsində, vaxtından əvvəl hərbi xidmətə getməyə nail olub. Goranboyda hərbi xidmət zamanı hərbi hissə komandirinin sürücüsü vəzifəsini yerinə yetirib. Çətin coğrafi şəraitdə vəzifəsinin öhdəsindən məharətlə gəldiyi üçün rəhbərlik tərəfindən təşəkkür alıb. 2019-cu il oktyabrın 2-də hərbi xidmətdən tərxis olunub.
Samirin ən böyük arzusu polis olmaq idi. Bu istəyinə çatmaq üçün daxili İşlər naziri Vilayət Eyvazovun sıra baxışında iştirak edib. Nazir tərəfindən polis sıralarına seçilib. Amma işə başlamaq üçün əmrini gözləyən Samirə, təəssüf ki, bu, qismət olmayıb. Vətən Müharibəsi başlayıb və Samir 2020-ci il sentyabr ayında çağırış gələn kimi dərhal hərbi komissarlığa yollanıb.
Əsgər yoldaşlarının dediklərinə görə, iki dəfə ən ağır döyüşlərdən möcüzə sayəsində sağ çıxıb. Buna rəğmən, irəliyə getməyə bir an belə tərəddüd etməyib. Döyüşlər zamanı keçmiş hərbi hissə komandiri ilə rastlaşıb, lakin onun sürücülük təklifini qəbul etməyib, silahı əlində düşmənə qarşı vuruşacağını söyləyib.
Ailə üzvlərilə telefon danışıqlarında hər şeyin yaxşı olduğunu deyir, onları narahat etmək istəmirmiş.
Şəhidimizin anasına oğlunun şəhid olduğu xəbəri gələndə söyləyiblər ki, o olmaya bilər bəlkə adı, soyadı bənzəyir, oxşar adlar çoxdur. Anası isə: “ Yox mən başqa Samirin anasına qıymaram, o elə mənim Samirimdir gedin, gətirin ”,- söyləyib.
Samir polis olmaq arzusuna çatmasa da, daha böyük zirvəni fəth etdi - Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhidlik zirvəsinə ucaldı. “Özü polis paqonunu geyə bilmədi, amma anasına Şəhid anası paqonunu verdi”,- deyir şəhidimizin məğrur anası.
O, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.