Mikayıl Miğfər oğlu Mikayıllı 1993-cü il sentyabrın 24-də Qəbələnin Mıxlıqovaq kəndində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə F.Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbində alıb. Yeniyetmə yaşlarından hərbiyə, idmana maraq göstərən Mikayıl məktəbli vaxtlarında idmanda göstərdiyi fəallıqlara görə fəxri fərmanlar alıb. 2009-cu ildə Mikayılın atası dünyasını dəyişir və ailənin bütün yükü onun çiyinlərinə düşür. Anasının istəyi ilə ali məktəbə hazırlaşsa da, öz istəyi hərbçi olmaq idi. Ali məktəbə hazırlaşa-hazırlaşa hərbçi olmaq üçün müraciət edir.
Orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd verir, qəbul olunsa da, təhsilini davam etdirmir. Hərbi xidmətini başa vurduqdan üç ay sonra hərbçi kimi işləməyə başlayır.
Bir neçə il Sülhməramlı Qüvvələrdə çavuş, baş çavuş rütbəsində xidmət edir. Xidməti ilə əlaqədar Bolqarıstan, Ukrayna və sair ölkələrdə kurs keçir. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayır.
Anası İradə xanımın sözlərinə görə, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib, yaralanır. Lakin müalicəsi bitdikdən sonra yenidən xidmətə geri dönür: "Sentyabrın 27-də başlayan Vətən müharibəsində də ön sıralarda idi Mikayıl. Düzdür, xidməti haqqında heç bir zaman danışmayıb. Hətta aprel döyüşlərində yaralanması barədə də bilmirdim. Həmişə deyirdi ki, "ana, yarım qalan işlərimiz var, onları bitirməliyik. O işlər bitərsə, mən rahat olaram. Balam işinin sirlərini həmişə məndən gizlədib, həmişə".
Sonuncu dəfə anası ilə sentyabrın 25-i danışır. Deyir, "ana, darıxma, işlərimiz bitsin, sənin də arzularını həyata keçirəcəm".
Sentyabrın 29-dan 30-na keçən gecə Mikayıl kəşfiyyat-diversiya qrupunun rəhbəri kimi əməliyyat planı hazırlayır və aparılan əməliyyat uğurlu alınır. Bir neçə yüksək rütbəli zabit olmaqla xeyli sayda erməni məhv edilir. Lakin geri dönərkən düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olur. M.Mikayıllı şəhadətindən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.