Bəhruz Zabit oğlu Abuşov 1983-cü il iyunun 18-də Qəbələnin Nohurqışlaq kəndində anadan olub. 1989-2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) peşəkar hərbi biliklərə yiyələnib.
Xüsusi Təyinatlı Qüvvələrin mayoru olan Abuşov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Şuşa istiqamətində şəhid olub. Qəbələdə torpağa tapşırılıb.
Özündən sonra yeddi yaşlı oğlu və üç yaşlı qızını Vətənə əmanət qoyub.
2020-ci ilin oktyabrında mayor Abuşova polkovnik-leytenant rütbəsi verilib. O, Vətəninə şərəflə xidmət etdiyi vaxtlarda "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1, 2 və 3-cü dərəcəli medalları ilə təltif edilib.
Qeyd edək ki, polkovnik-leytenant Bəhruz Abuşov işğal altında olan torpaqların azad edilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən şəhadətindən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin əmisi oğlu deyir ki, o, heç vaxt işi barədə danışmadığından Bəhruz haqqında aldıqları məlumatlar yalnız tabeliyində olan əsgər və zabit yoldaşları tərəfindən söylənilmiş kiçik xatirələrlə məhdudlaşır: "2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Bəhruz əsgərləri ilə birlikdə ön sıralarda döyüşməyə başlayıb. İlk döyüş yerləri Murovdağ silsiləsi olub. Sonra Cəbrayıl, Hadrut qəsəbəsi, Tuğ, Azıx mağarası, Böyüktağlar kəndləri, Çanaqçı, Zərdanaşen, Mədətlər, Sığınaq kəndləri, Daşaltı və Şuşada döyüşüblər. 2020-ci ilin oktyabrında müharibə zamanı polkovnik-leytenant rütbəsi alıb.
Bəhruz Vətən müharibəsində ciddi yaralansa da, hospitalda cəmi 2-3 gün qalıb, yenidən döyüş bölgəsinə qayıdıb. Hərbçi yoldaşları təkidlə ona “sağalmadan döyüş meydanına qayıtma” desələr də o, “mən əsgərlərimi və zabit yoldaşlarımı orada tək qoya bilmərəm” , - deyə cavab verib. Əslində Bəhruzun hərbdə işi sırf döyüş meydanı ilə bağlı deyildi. O, kimya xidmət rəisi idi. Amma "müharibədə hər kəs sıravi əsgərdir" deyərək yaralı-yaralı Şuşa uğrunda gedən döyüşlərə qatılıb. Şuşada yaralıların daşınmasında və açıq döyüşlərdə xüsusi fəallıq göstərib. Döyüş yoldaşları Şuşadakı xüsusi şücaətinə görə Bəhruza “Şuşa qartalı” adı veriblər".
Eltun Abuşovun sözlərinə görə Azərbaycan Ordusunun şəhid zabiti səcdə formasında şəhadətə ucalıb: "Şuşa tamamilə azad olunduqdan sonra ermənilər yenidən ordu yığaraq, Şuşanı geri qaytarmaq üçün Laçın istiqamətindən ağır artilleriya ilə hücuma keçmək istəyiblər. Amma Bəhruz və onun silahdaşları həmin dəstəni darmadağın ediblər. Hücum sırasında Bəhruzgil yüksəklikdə olub. Döyüş tamamilə bitdikdən sonra ya komandir ya da yoldaşlarından kimsə uşaqlara tapşırıb ki, "gedin Bəhruza deyin, hər şey bitib, düşmən tamamilə məhv edilib, qayıdıb gəlsin". Amma əsgərlər ona yaxınlaşanda görüblər ki, Bəhruz sanki səcdə edirmiş kimi yerdə qalıb, şəhid olub.
Bir şeyi də qeyd edim, qohumlar Bəhruzun nəşini Füzulidən götürməyə gedəndə eşidib ki, oradakılar onun cənazəsini “Şuşa qartalı hardadır? " -deyə axtarıb ağlayırlar. Bəhruzun şəhid olmasından bir neçə saat sonra atəşkəs imzalandı və hamı qələbə sevincini yaşadı. Buna görə də indi Qəbələ camaatı, “Polad Həşimovla başlayan müharibə Bəhruz Abuşovla bitdi",- deyir.
Şəhid zabit özünü daim xüsusi təyinatlıların sırasında görmək istədiyi üçün nəhayət bu istəyini 2017-ci ildə reallaşdırıb. Hərbi hissə komandanlığı vəzifəsindən Yaşmadakı N saylı hərbi hissəyə kimya xidmət rəisi vəzifəsinə təyin alıb. Bu yaşda xüsusi təyinatlıların cərgəsinə keçmək nadir hallarda baş versə də Bəhruzun şəxsi işi və keçdiyi hərb yolu ona istəyinə nail olmasında kömək olub".