2021/03/Cilin-1616167362.jpg

line
Adı: Nəbiyev
Soyadı: Çilingir
Ata adı: Azad
Doğum tarixi: 01.09.1996
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Çilingir Azad oğlu Nəbiyev 1996-cı il sentyabrın 1-də Tovuz rayonunun Şıxheybət kəndində anadan olub.


O, 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "Texnologiya müəllimliyi" üzrə təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Çilingir Nəbiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri olan Çilingir Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çilingir Nəbiyev oktyabrın 28-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.

Ailəli idi. Bir oğlu yadigar qaldı...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çilingir Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çilingir Nəbiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.




***


 


Cilingir Azad oglu Nəbiyev!.. Şəhid Cilingir! “Açarçı, açar düzəldən” yaxud “əllə metaldan müxtəlif əşyalar quraşdıran və ya təmir edən usta” – Cilingir sözünün anlamı bu şəkildədir. Ərəblər deyər, “bu dünyada təsadüf yoxdur, təvafüq var” – Cilingir öz adının, atasının adının anlamları və soyadının verdiyi enerji doğrultusunda bir ömür yaşadı və hələ 24 yaşındaykən adların, titulların ən gözəlinə yetişdi: torpaqlarımızın azadlığı uğrunda Şəhid oldu!
Cilingirin atası I Qarabağ müharibəsinin qazisidir, özü II Qarabağ müharibəsinin Şəhidi oldu! Şəhidin qardaşı İbrahim Azad oğlu Nəbiyev Silahlı Qüvvələrimizin zabitidir, hal-hazırda cəbhə bölgəsində xidmət göstərir. 
1996-cı ilin ilk ayının 18-ci günündə Tovuzun dağlar qoynunda yerləşən Şıxheybət kəndində doğulub Cilingir. 9 illik təhsilini Hacılar kənd orta məktəbində alıb; sonra Azərbaycan Dövlət Pedaqoji Kollecində “Texnologiya müəllimliyi” ixtisasına yiyələnib. 2015-ci ildə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçib; xidmət dövründə “Fəxri fərman”larla təltif olunub, ailəsinə “Təşəkkür məktubu” göndərilib.
Cilingir hərbi xidmətdən tərxis olunduqdan sonra, 2017-ci ildə Müdafiə Nazirliyi sistemində müddətdən artıq hərbi xidmət etmək üçün müraciət edib. Gizirlik kursunu uğurla bitirdikdən sonra, “N” saylı hərbi hissədə tank komandiri vəzifəsində xidmət göstərib.
Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca öncəbhəyə yollanan Cilingir, Füzulinin, Cəbrayılın azad edilməsində başarıyla iştirak edib. Zəngin Azərbaycan tankçılıq məktəbinin gələnəklərini məsuliyyətlə davam etdirməyə, özünəməxsus töhfələr verməyə çalışan yeni nəsil hərbçilərimizdəndi Cilingir Azad oğlu Nəbiyev. O, döyüşlərin 1 ayı tamam olan gün, 27 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə Uca Şəhidlik Zirvəsinə yüksəlib.
Fədakar tankçımız ailəliydi; 1 yaş yarımlıq Ayxanı yadigar qaldı.
Cilingir! – Qazi oğlu, döyüşən zabitin qardaşı, böyük gələcəyə qanadlanan Ayxanın atası!
Onu tanıyanlar təsdiq edir: “Cilingirin üzü həmişə gülərdi. Sanki o üz fərəh üçün, sevinc üçün, gözəl günlər üçün yaranıb”... Mən bilərəkdən keçmiş zamanda bitirmək istəmədim cümləni. – Milli, dini inancımıza görə Şəhidlər ölməzdir! Ruhu şaddır Şəhidimizin!
O, bir Qazi oğluydu, Ayxansa Şəhid oğludur. Ayxana xoşbəxt gələcək, uzun ömür, möhkəm can sağlığı və əlbəttə, atasının adına layiq oğul olmağı arzu edir, bu arzumuzun çin olacağına inanırırıq!
Ayxanın qəhrəman atası ermənilərin xaraba qoyduğu Qubadlıda şəhid oldu, inşallah o, böyüyəcək, yenidən qurulmuş, firavan Qubadlıya səfər edəcək, kim bilir, bəlkə taleyini Qubadlıya bağlayacaq, xoşbəxtliyini Qubadlıda tapacaq… Şair demiş, “Ata gedər, oğul gələr, öz qalar”… Ayxanlar var olsun!



Qənirə Paşayeva 


memorial.az