Namiq Quliyev 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə artilleriyaçı olub və çavuş rütbəsi alıb. Namiq Quliyev hərbi xidmət zamanı da fərqlənib. O, aztəminatlı ailədən olan və bu səbəbdən universitetə qəbul ola bilməyən əsgərin birinə 12 ay ərzində riyaziyyat fənnindən dərs verib. Nəticədə həmin əsgər hərbi xidmətini başa vurduqdan sonra ATU-ya qəbul oldu.
Azərbaycan Ordusunun çavuşu olan Namiq Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qanunlara əsasən, tək övladlara edilən mümkün güzəştlərin ona olunmaması üçün, ailəsində tək övlad oluğunu hər kəsdən gizlədib, könüllü olaraq ön cəbhədə vuruşub.
Namiq Quliyev noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.