Rəşid Mədinov 24 aprel, 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Əslən Qubanın Qrız kəndindəndir. Qrızlar çoxsaylı Qafqaz xalqlarından biridir.
2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinifinə gedən Rəşid 2012-ci ilə 10-cu sinifi bitirəndən sonra kolleclərə qəbul imtahanında iştirak edir və 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin "Bank işi" ixtisasına qəbul olunur. 2015-ci ildə kolleci bitirir.
Rəşidin həm də klasssik ədəbiyyat və dünya coğrafiyasına böyük marağı olub. Rəşidin bu marağı ilə bağlı tələbə yoldaşı Taleh Mirzəyev xatirələrini bölüşür: Rəşidin dünya ədəbiyyatı, poeziya, ölkələr və mədəniyyətlərə böyük marağı var idi. Bir dəfə kirayə qaldığımız Bakıxanov qəsəbəsindəki kiçik yataqxana otağının qapısı açıldı və Rəşidin gülərüz siması qapıda göründü. Çox sevincliydi. Son zamanlar özünə almaq istədiyi böyük ölçülü dünyanın siyasi xəritəsi qoltuğunda idi. Amma həmin vaxt hamımızın maddi vəziyyətimiz çox aşağı idi. O cibindəki 5 manatla Bakıxanov qəsəbəsindən 8-ci kilometr bazarına piyada gedib arzusunda olduğu və qiyməti məhz 5 azn olan bu xəritəni alıb, elə piyada da evə qayıtmışdı. Köməkləşib, xəritəni divara yerləşdirdik. Bundan sonra kolleci bitirənə qədər boş vaxtlarında həmişə Coğrafi ensiklopediyalardan öyrəndiklərini yatağının yanındakı divarda olan bu xəritədə karandaşla qeyd edirdi. 2015-ci ildə kolleci bitirib hərbi xidmətə yollanmazdan əvvəl bu xəritəni mənə, coğrafiya vəsaitini isə digər qrup yoldaşım Qasım Bayramova hədiyyə verdi. Rəşidin qeydlərinin olduğu bu dəyərli xatirələr bu gün də bizdədir.
2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə gedən Rəşid 3 ay Gəncədə qaldıqdan sonra xidmətini Murovdağda davam etdirir. Xidməti ərzində 2017-ci ilin əvvəllərində həqiqi hərbi xidmətdən təxris olunur.
Rəşidin hərbi xidmət dövrü şanlı Aprel döyüşlərinə təsadüf edir. Bu döyüşlərdə Murovdağda baş artilleriya atıcısı olaraq düşmənə qan uddurur. Döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən Rəşid 3 tərifnamə və 3 fərqlənmə diplomu ilə təltif olunub.
2020-ci ilin 20 sentyabrında ümumi təlimlərə çağırılanlar arasında Rəşid Mədinov da var idi. Bir həftəlik təlimdən sonra başlayan Vətən müharibəsində Rəşid öncə Murovdağ uğrunda gedən döyüşlərdə, daha sonra isə Füzuli uğrunda gedən döyüşlərdə artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıqlar göstərib.
Cəsur bir döyüşçü olmaqla yanaşı eyni zamanda etibarlı yoldaş olan Rəşid oktyabrın 13-də Füzuli uğrunda gedən gərgin döyüşlərdə yaralanaraq iki tərəf arasındakı zonada atəş altında qalan əsgər yoldaşını xilas etmək üçün düşünmədən önə atılır və yoldaşını çiyninə alıb ərazidən çıxararkən mənfur düşmənin onun yaxınlığına atdığı iriçaplı minomyot mərmisinin qəlpəsi şir ürəkli əsgərimizin qarın boşluğuna dəyir və ağır yaralanır.
Oktyabrın 14-ü şəhidlik zirvəsinə yüksələn igidimiz oktyabrın 14-ü doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə qəbiristanlığında böyük izdihamla son mənzilə yola salınır.
Aprel döyüşlərindəki şücaətlərinə görə əsgər Rəşid Nəzər oğlu Mədinov komandanlıq tərəfindən 3 tərifnamə və 3 fərqlənmə diplomu ilə təltif edilib.
Vətən müharibəsində igidliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin serencamlarına əsasən Rəşid Mədinov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.