Rasim Mustafayev 28 mart 1990-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1997-ci ildə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2008-ci ildə məktəbi bitirmişdir.
Rasim Mustafayev Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rasim Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Rasim Mustafayev oktyabrın 7-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Rasim Mustafayev Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Atasının ağır xəstə olmasına baxmayaraq, müharibə başlayan ilk gündən Vətənin müdafiəsi üçün ordu sıralarına daxil olub.
Rasim və yoldaşları Murov zirvəsinin azad olunmasında böyük qəhrəmanlıq göstəriblər. Bu ərazini işğaldan azad etdikdən sonra onların briqadası zirvədə möhkəmlənirlər.
Bir müddət sonra isə xain düşmən azad olunan əraziyə minaatanlarla qəfil hücum edib. Minamyot birbaşa Rasimin üzərinə düşüb. Yanında olan bir neçə əsgər yaralansa da, Rasim şəhid olub.
O, oktyabrın 7-də Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.
Rasim İkinci Qarabağ müharibəsinin Xaçmaz kəndi üzrə ilk şəhididir.
Qeyd edək ki, atası Ərziman Mustafayev şəkər xəstəliyindən əziyyət çəkir və hər iki gözü tutulub.
Şəhidimizin 2 yaşlı oğlu yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Mustafayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Təltif və mükafatları
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)