Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olmuşdur.
2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olmuşdur.
2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da,hərbi xidmətə yola düşmüşdür. 2016-2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.
21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil olmuşdur. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılmış, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilmişdir. Bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak etmişdir. Noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Qoşqar Ömərov onu tanıyanlar, dərs dediyi şagirdlər, gələcək nəsillər üçün örnək olacaq həyat nümunəsi qoyub getmişdir. Heç nədən qorxmayan, çəkinməyən, həyatın hər bir çətinliyinə sinə gərən, sağlam həyat, fiziki güc, intellektual cəhətdən çox əhatəli savada malik, bütün imtahanlardan yüksək nəticə qazanan, bütün yenilikləri daha tez qavrayan və tətbiq edən, öz işinə vicdanla yanaşan, Vətənini sevən, ailəyə bağlı, yüksək əxlaqlı bir gənc idi. Şəhidlik zirvəsini fəth etməsi isə onu xalqın gözündə daha böyük yüksəklərə qaldırmışdır.
***
Müəllimlərin düşmənə keçdiyi dərs dillərə dastan olur
İsti sinfi soyuq səngərə, lövhəni düşmənə dəyişdi hər biri. Bir an belə düşünmədilər. Lövhə qarşısında elm bələdçisiykən, düşmən qarşısında topdağıtmaz istehkamı əvəz elədilər. Hər biri son dərsinə girdi. Düşmənə elə bir dərs keçdilər ki, çətin ki, uzun müddət özlərinə gələlər.
Kürdəmirdə şagird, Masazırda müəllim, Şuşada şəhid oldu
Həmin qəhrəman müəllimlərdən biri Qoşqardır. Atası onun adını “Qoşqar” qoyanda, yəqin körpəsinə verdiyi adın onun həyatında oynayacağı rolu heç ağlına da gətirməmişdi. Qoşqar düşmən üçün keçilməz dağ, valideynləri və milləti üçün qürur yeri oldu. Düşmənin köksünə çəkdiyi dağı görüb-eşidənin qürurdan ürəyi dağa döndü.
Dağ misallı igid Azərbaycan balası Qoşqar Ömərov Kürdəmirdə doğulub, Abşeron rayonunun Masazır kəndindəki ən müasir məktəblərdən birində, 5 nömrəli tam orta məktəbdə şagirdlərinə hesablama elmini öyrənməkdə bələdçilik edirdi. Ta sentyabrın 27-nə qədər o bir müəllim idi şagirdlərinin gözündə. Amma artıq, yəni Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhid olandan sonra bir qəhrəmandır. 44 günlük Vətən müharibəsinin son günlərinə qədər döyüşdü. Noyabrın 5-də şəhidlik zirvəsinə yüksələnədək davam edən ömrü qısa olsa da, amacı böyük olan döyüş yolunu da məharətlə 26 illik ömrünə sığdırdı.
Müəllim Qoşqar
Qoşqar Ömərov 2018-ci ildən müəllim idi. Müəllimlərin işə qəbulu müsabiqəsində 57 bal toplayaraq riyaziyyat müəllimi kimi sinfə girmək hüququ əldə edib. Müsahibədə də uğur qazanaraq Masazır kənd 5 nömrəli tam orta məktəbində dərs deməyə başlayıb. Məktəbin direktoru Səlim Məmmədov qısa müddətdə yaxşı müəllim olmağı bacaran Qoşqar Ömərovun bu qabiliyyətinin ailədən gəldiyini deyir. Ailədən gələn başqa xüsusiyyətləri də vardı. Ən əsası, insani keyfiyyətləri çox idi: “Çox ləyaqətli insan idi. Şagird və müəllimlərimiz arasında hörmət qazanmışdı. Təəccüb doğuracaq qədər gözütox idi. Ona dərs saatını zorla verirdik. Dərs bölgüsündə hər zaman geridə dayanırdı. Riyaziyyat müəllimləri xanımlardır. O, yeganə kişi müəllim idi. Soruşanda ki, gücün nəyə çatar, dərslə təmin edək, deyirdi xanım müəllimlər ehtiyacı olanı götürsün, yerdə qalanı mənə verərsiniz”.
Vətən müharibəsində ona ehtiyac olduğunu da bilirdi: “Tovuz döyüşlərindən sonra hərbi komissarlığa müraciət etmişdi. Ordu sıralarına könüllü qatılanlardan idi. Müharibə başlayan kimi də çağırıldı. Həqiqi hərbi xidmətdə hesablayıcı artilleriyaçı olub. O vaxt fərqlənib də. Təltifləri vardı.
Ailəsi ilə əlaqə saxlayırdı. Axırıncı dəfə şəhadətindən 4-5 gün əvvəl danışdıq. Elə danışırdı ki, sanki ömrünü hərb sənətinə həsr etmiş artilleriyaçı idi. Döyüşlərdən, Ordumuzun qüdrətindən qürurla söhbət açdı. Sonra da şəhadət xəbərini aldıq. Onun məzarını, ailəsini sadəcə kollektivimiz yox, valideynlər, şagirdlərdən də ziyarət edənlər çox oldu”.
Oğul Qoşqar
Atası Səxavət müəllim danışmaqda tərəddüd edir. “Oğlumdan nə danışım” deyib nümunəvi balasını öyməyə utanır müəllim oğulun müəllim atası. Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbin riyaziyyat müəllimi Səxavət Ömərov üçün o, hələ “körpə” oğludur. Baxmayaraq ki, atasına məhz o, ikinci həyat verib: “Çox ağır xəstəydim. Çarəmi heç yerdə tapa bilmirdilər. Xəstəxana-xəstəxana gəzdirdi məni. O yer qalmadı aparmasın. İnternetdə axtardı, dostlarının köməyi ilə axtardı. Onda gördüm Qoşqarın nə qədər sevildiyini, böyük ətrafı, çoxlu dostları olduğunu. Axır tapdı çarəmi. Nadir xəstəliklərdən biri çıxdı”.
Səxavət müəllim oğlunun da müəllimi olub. Həm riyaziyyatı sevdirib, həm də müəllimliyi: “V-XI siniflərdə riyaziyyatdan dərs demişəm. Sinfin lideri idi. Uşaqlığından mərd, sözünün üstündə duran, haqsızın yanında dayanan, sözünü deməyi bacaran idi. Öz üzərində işləyirdi. Fiziki cəhətdən özünü ev şəraitində yaratdığı alətlərlə inkişaf etdirmişdi. Təlimlərdən sonra deyirdi ki, 3 adam mənimlə bacarmır. Buna baxmayaraq, döyüşkən, dalaşqan deyildi. Problemləri ağılla həll edirdi. Psixoloji cəhətdən də möhkəm idi”.
Şagirdləri yolunu davam etdirəcəklər
Azərbaycan Dövlət Pedaqoji Universitetini bakalavr, Memarlıq və İnşaat Universitetində isə magistratura təhsili alan Qoşqar Ömərov doktorantura təhsili də almaq istəyirmiş: “Mənə deyirdi ki, Bakıdan ev alıb sonra doktoranturada təhsilini davam etdirəcək. Mən pensiyaya çıxandan sonra anası ilə məni yanına aparmağı planlaşdırırdı.
Qoşqara riyaziyyatı, müəllimliyi bir də vətəni atası Səxavət müəllim sevdirdi. Qoşqar isə atasından öyrəndiklərini öz şagirdlərinə ötürdü.
Bəlkə arzuları gerçəkləşmədi, amma hədəfinə nail oldu. İndi onun yolunu davam etdirmək istəyən Pərvanə Qasımova kimi şagirdləri var: “Söz verirəm ki, mən də Qoşqar müəllim kimi riyaziyyat müəllimi olacağam”.
Təltif və mükafatları
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(25.12.2020) — " Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)