2021/04/oktay-4851775251.jpg

line
Adı: Səfərov
Soyadı: Oktay
Ata adı: Əhmət
Doğum tarixi: 15.05.1993
Şəhid olub: 03.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Oktay Əhmət oğlu Səfərov 1993-cü il mayın 15-də Saatlı rayonunun Qaralar kəndində anadan olub.

Oktay Səfərov 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri Oktay Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Oqtay Səfərov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. 
Saatlı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oktay Səfərov ölümündən sonra  "Vətən uğrunda" medalı, "Xocavəndin azad olmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  təltif edilib.


***



“Qardaşım tək mənə qardaş olmayıb. Məndən bir yaş balaca idi . O, mənə ata, dost, sirdaş olub. Atam avtomobil qəzası nəticəsində yaddaşını itirib, II qrup əlildir. Mən atamın  bu cür xəstə olmasını qardaşım sağ ikən hiss etməmişdim. İndi görürəm ki, atam nə vəziyyətdədir", - şəhidin bacısı Günel Rəsulova qardaşı şəhid qəhrəman Oktay barədə danışarkən deyib.
Şəhid bacısı qardaşının qayğıkeşliyindən söz açıb, onu mələyə bənzədərək elə mələk kimi də dünyadan köçdüyünü vurğulayıb.

G. Rəsulova bildirir ki, həm müharibədən qabaq, həm də  döyüşlər vaxtı hər zaman  qardaşıyla əlaqə saxlayıb: "Deyirdim "ay qaqam, deyirdi "can ay ürəyim". O heç vaxt mənim adımı çəkməyib. Təsəvvür edirsinizmi, belə bir qardaş idi. Heç vaxt valideynlərimin, mənim xətrimə dəyməyib. Sanki mələk idi, gəldi bu dünyaya və getdi. O ailəmizi necə sevirdisə, Vətəni də elə sevirdi. Məncə, o bizi belə  kimsəsiz qoyub getmək istəməzdi. Mən sağlığında da onunla fəxr edirdim, indi də fəxr edirəm. Vətən sağ olsun. Amma kaş o da  sağ olaydı. Hər birimizin dayağı o idi. Bundan sonrakı həyatımızı düşünmək çox çətindir. O bizim yanımızdadır, mən onu görürəm. Hər zaman da qəlbimizdə yaşayacaq.  Arzumuz odur ki, onun xatirəsi daim yaşasın. Hamı onu tanısın".

G.Rəsulova qardaşı üçün nişan hazırlıqlarına başladıqlarını da diqqətə çatdırıb: "Sevdiyi bir qız var idi. 6 il idi ki bir- birlərini sevirdilər.  Virusa görə nişan məsələsini təxirə salmışdıq.  6 illik sevdiyi insanı Allah ona qismət etmədi. Hər dəfə nişan məsələsi gündəmə gələndə kimsə rəhmətə gedirdi, ya da başqa problemlər çıxırdı. Sonuncu dəfə Türkiyədən qayıdanda sevdiyi qızın anası rəhmətə getdi. Elə bir ağır durumdan sevdiyini çıxartdı.  Həmin qızın atası da  rəhmətə getmişdi. O da bizim ailəmizin bir üzvüdür. Hər gün bir-birimizlə maraqlanmışıq. Doğma bacım kimidir. Qardaşım ailə qursaydı, çox xoşbəxt olacaqdı. Mənim övladlarıma elə bir dayıdır ki, təsəvvür edə bilmirəm ki, onun öz uşaqları olsaydı, o necə bir ata olardı. Mən ailə quranda qardaşımın 20 yaşı olardı. O mənə atalıq etdi, 2 il dayanmadan işləyib  bütün cehizlərimin kreditini ödədi. Mən onun mənə etdiklərinin bir faizini də olsa qaytara bilmədim. Tovuz hadislərində, aprel döyüşlərində şəhid olanların hamısına bir-bir ağlamışdım. Sanki mən də bunu yaşayacaqmışam kimi. Allaha yalvarırdm ki,  bizə bunu yaşatmasın. Amma indi necə dözürük anlaya bilmirəm.  Yəqin ki, həyatda qalan ailəmizə görə  ayaqda dururuq".



Şəhidin anası Zülfiyə Səfərova bildirib ki, övladı Zəngilan, Qubadlı, Füzuli, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib: "Baş atıcı olduğuna görə həmişə ön cəbhədə olub. Sonuncu zəngimiz noyabrın 2-də olub. Ona kimi hər gün demək olar ki danışmışıq. Çətinlikləri barədə bizə deməzdi.  Bir sonuncu zəngdə bizə dedi ki, döyüşə girdik, yaralananlar oldu. Ayın 2-dən 18- nə kimi məlumat ala bilməmişik. Elə uşaq idi ki, heç cür məni xəbərsiz qoymazdı. Artıq ayın 11-dən mən narahat oldum. Hər yerdə onu axtardım. Noyabrın 18-də nəşini Füzuli rayon Diaqnostika Mərkəzində tapdıq. Ayın 19-da kənddə dəfn etmişik. Bacılarının ikisi də ailəlidir. Oktay çox mehriban, qayğıkeş,  ağıllı bir balaydı. Savadlı idi, ancaq ali məktəbə daxil olmaq ona qismət olmadı.11-ci sinfi bitirəndə 5 balı universitetə girməyə çatmadı. Daha sonra Şirvanda Araz kurslarına qoyduq. Orada sınaq imtahanlarında 500-dən yuxarı bal yığdı.  9 ay hazırlaşdı, ancaq hərbi komissarlıq əsgərliyə görə möhlət hüququ vermədi. Ona görə  hərbi xidmətə getdi. Planlamışdı ki, yanvarda gəlib yenidən hazırlaşacaq. Əsgərlikdən gəlməyinə 4 ay qalmış atası qəzaya düşdü. Qabırğası sındı, yaddaşı itdi. Bütün ailənin yükü onun çiyinlərinə düşdü, ona görə təhsil ala bilmədi.  1 il yol idarəsində işlədi,  sonra Bakıda tikintidə, 3 il də Türkiyədə yaşayıb işlədi. 2019- cu ilin dekabrında evləndirmək məqsədiylə gətirdim.  O  da virus ortaya düşdü. 6 illik sevgisi, bir çox şeyi yarımçıq qaldı.  Onun nişan hazırlıqlarının hamısını etmişdik".