Ruzi Əliağa oğlu İbrahimov 23 Fevral 1983-cü ildə Şərur rayonu Yengicə kəndində anadan olub. 1990-cı ildə Yengicə kənd məktəbində tam orta təhsilə başlayan Ruzi 2001-ci ildə həmin məktəbi bitirib. Sonra həqiqi hərbi xidmətə yollanıb.
“Günnüt əməlliyatı”nın iştirakçısı olmuş Ruzi 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ Müharibəsində Zəngilan, Füzuli, Qubadlı, Hadrutun işğaldan azad olunmasında yaxından iştirak edib. Şuşa istiqamətində qolundan aldığı qəlpə yarasına baxmayaraq ilkin tibbi yardım alır, “Mən bu yara ilə geri dönə bilmərəm” , deyir və qolunu sarıyaraq yenidən döyüşə qatılıb. 7 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad olunması zamanı şəhidlik zirvəsinə yüksəlib. 13 noyabr 2020-ci il tarixində Şərur Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni, Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.