Tərlan Bəxtiyar oğlu Quliyev 1999-cu il, dekabrın 22-də Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. 2006-2017-ci illərdə Çəngan kənd orta məktəbində təhsil alıb. 2018-ci il yanvarın 4-də hərbi xidmətə çağırılıb.
Xidmətə Goranboy rayonu N saylı hərbi hissədə başlasa da, andiçmə mərasimindən sonra Ağdamın Baharlı qəsəbəsində davam etdirib. Orada olarkən XTQ kursuna yazılan Tərlan 6 aylıq kurs keçdikdən sonra gizir kimi xidmətə davam edib.
2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Tərlan Füzuli, Murov, Kəlbəcər, Hadrut, Xocavənd istiqamətlərindəki döyüşlərdə igidliyi və qorxmazlığı ilə fərqlənib.
Gənc yaşında ömrünü vətənə xidmətə həsr edən Tərlan Quliyev oktyabrın 17-də ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və doğulduğu Tahirli kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edillib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.