2021/09/kk-1631817381.jpg

line
Adı: Abbasov
Soyadı: Ruslan
Ata adı: Hikmət
Doğum tarixi: 24.05.2000
Şəhid olub: 14.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı
Abasov Ruslan Hikmət oğlu 2000-ci il,mayın 25-də  Bakı şəhərinin Sahil qəsəbəsində anadan olub. Ruslan orta təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbdə başa vurduqdan sonra ailəsinə maddi kömək göstərmək məqsədi ilə müxtəlif işlərdə çalışıb.

2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Agcabədi rayonunda “N” saylı hərbi hissədə 3 ay xidmət edəndən sonra Beyləqan  ərazisindəki hərbi hissəyə göndərilib. 27 sentyabr, 2020-ci ildə erməni silahlı birləşmələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu bütün cəbhə xətti boyunca əks-hücum əməliyyatına başlayanda Ruslanın xidmət etdiyi tabor düşmənin strateji postlarını bir-birinin ardınca ələ keçirməyə nail olub. Döyüş meydanında şücaət göstərən Ruslan Abbasov 2020-ci il, oktyabrın 14-də Füzuli şəhərinin azadlığı  uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

..Vaxtılə ata-anası Ruslanın əlindən tutub Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin birinci sinfinə birgə aparmışdılar. Amma illər sonra anası Leyla xanım yeganə oğlunu hərbi xidmətə tək yola salıb. Qürbətdə yaşayan atasının Sahil qəsəbəsində yaşayan əmisi oğlu Abbasın həyat yoldaşı Kamilə xanım deyir ki, Ruslanı hərbi xidmətə yola saldığımız gün nəvəm Dürrə əlində milli bayrağımızı tutmuşdu: “Necə  oldusa, həmin  bayraq çağırışçıları hərbi xidmət yerinə aparan avtobusun üzərinə yerləşdirildi. Dürrə də həmişə deyərdi ki, nənə, qoy Leyla xala Ruslan əmiyə zəng edəndə desin ki, əsgərlikdən qayıdanda mənim bayrağımı gətirsin!..” Şəhid Ruslanın  üçrəngli bayrağımıza bükülmüş nəşi qəsəbəyə gətiriləndə adamların əllərində dövlətimizin və qardaş Türkiyənin  yüzlərlə bayrağının dalğalandığını  görən Dürrə çox kövrəlib, nənəsinə  deyib ki,  kaş mən Ruslan əmidən o bayrağı istəməyəydim: “Bax gör özü  ilə nə qədər bayraq  gətirib?!."

Şəhid Ruslanın tabutu son mənzilə izdihamla yola salındı. Kamilə xanım  deyir ki, Ruslan uşaq çağından anasına çox bağlı  övlad idi. “Anasını sevən oğul Vətənini də sevər... Vətənimizi yaşadan, Azərbaycanın adını daim uca edən Ruslan kimi qəhrəman oğullarımızdır...”

...Ruslanın anası Leyla xanım oğlu barədə danışmağa çətinlik çəkir. Qardaşı Ramizin evində şəhid oğluna aid xatirə güşəsində saxlanılan şəkillərə baxa-baxa kövrəlir. O, cavan gəlinlik çağlarından ailənin bütün ağırlığını öz üzərinə götürmüşdü; qızı Aygünə, oğlu  Ruslana həm ata, həm ana olmuşdu. Leyla xanımın taleyi doğrudan da nağıla bənzəyən acı bir həqiqət idi. Təkbaşına 2 uşağını boya-başa çatdırmaq  üçün kişi kimi əzab-əziyyətlərə qatlaşmışdı.

2019-cu ildə dekabr ayının ortaları idi. Ruslan zəng edib anasına təsəlli verdi: “Darıxma ana, inşallah, bir də sənə dekabrın 31-də zəng edib Yeni il münasibətilə təbrik edəcəyəm. Qismət olsa, həmən gün sənə yaxşı sürpriz edəcəyəm...”


Leyla xanım Yeni il ərəfəsində Ruslanı yuxusunda görür. Yuxuda qardaşı Ramiz ona gözaydınlığı verərək, Ruslanın gəldiyini deyir. Leyla xanım ertəsi gün yuxusunu qardaşına danışıb və dekabrın 31-də Ruslanın zəngini intizarla gözləyib. Həmin gün Ruslan qısamüddətli məzuniyyətə gəlib, əvvəlcə  dayısıgilə baş çəkib. Ramiz də Leyla xanıma xəbər verib  ki, sənin yuxun çin çıxdı... Beləcə Ruslan gözlənilməz gəlişi ilə anasına yeni il sürprizi edib...

Leyla xanım da böyük sevinc içində 2020-ci ilə əsgər oğlu ilə birgə qədəm qoyub. Qəribə də olsa, Ruslan səkkiz gün ərzində bütün qohum-əqrabasıyla görüşüb.
...Yanvarın 9-da on günlük məzuniyyəti başa çatan Ruslan hərbi hissəyə dönüb. Vətən qarşısında borcunu layiqincə yerinə yetirib, hərbi təlimlərdə daha yeni biliklər, vərdişlər əldə edib. Nümunəvi əsgər kimi döyüş hazırlığını yüksəldib.

...Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 1-dən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında imzaladığı Sərəncamdan xəbər tutan Ruslanın bütün əsgər  yoldaşları  kimi sevinci yerə-göyə sığmırdı. Sentyabrın 14-də o, anasına zəng edib, oktyabrda ordudan tərxis olunacağını deyib, hətta bu münasibətilə onu təbrik də edib. Leyla xanım da  oğlunun gəlişinə qurbanlıq qoç sifariş edib,  tədarük görməyə başlamışdı. Gözaydınlığına gələcək adamları da öz evində şərait olmadığına görə qardaşı Ramizin evində qarşılayacaqdı...

Sentyabrın 27-də Azərbaycan Ordusu düşmənin təxribatlarına qarşı əks-hücum əməliyatına başlayanda Ruslangilin taboru ilk gündən erməni qəsbkarları ilə döyüşərək misilsiz şücaət göstərib. Möhsün adlı döyüş yoldaşı  Ruslanın özünü çox təmkinli, mərd  və qorxmaz aparmasını sonralar belə nəql edib: “Müharibə başlayan gün mən çox həyəcan keçirirdim.  Ruslan mənə su gətirdi. Təsəlli verdi, dedi ki, darıxma, hər şey yaxşı olacaq, biz qalib gələcəyik!..”

...Uşaq çağı Ruslan ata-baba yurdu Xırmandalı kəndində çox olmuşdu. Babası Babakişinin kənddəki ovçu yoldaşları barədə söhbətlərini nağıl kimi dinləmişdi. Onu da yaxşı bilirdi ki, Birinci Qarabağ müharibəsinin izləri Xırmandalı sakinlərinin də taleyindən yan keçməyib. Qarabağ uğrunda döyüşlərdə ata-baba yurdunun yeddi gənci şəhid olmuşdu... İndi İkinci Qarabağ savaşında düşmənin ard-arda yeddi postunu ələ keçirəndə, nədənsə Ruslan Xırmandalı  kəndinin yeddi şəhidini xatırlayıb və onların qisasını aldığı üçün qalibanə gülümsəyib... Tabor komandiri, kapitan Mahur Həmidov Leyla xanıma Ruslanın üzündən əskik olmayan təbəssümündən söhbət açanda deyib: “Yağışlı havalarda qarovulda dayananda gülə-gülə deyirdi ki, komandir, siz məni həmişə yağış yağanda posta yollayırsınız. Qorxu bilməzdi,  çox cəsur və intizamlı əsgər idi, döyüşlərdə  həmişə qabaqda gedirdi... Öz şirin təbəssümü, gülərüz və mehriban davranışı ilə hamının hörmətini qazanmışdı... ”

Bölük komandiri, leytenant Elvin Məmmədzadə də  Ruslanın xətrini çox istəyirdi, bəzən anası Leyla xanımla danışmaq üçün ona öz telefonunu verərdi.  Ali hərbi təhsil almış 23  yaşlı Elvin oktyabrın 14-də kəşfiyyatdan qayıdanda artıq Ruslan həyatda yox idi, növbəti döyüş əməliyyatında vəzifə borcunu şərəflə yerinə yetirərkən həlak olmuşdu.  Ruslanın  düşmənin sayca 8-ci postunu ələ keçirərkən şəhid olması gənc  leytenantı çox sarsıtmışdı.  Axı Ruslan ona: “Komandir, Şuşaya qələbə bayrağını özüm sancacağam” demişdi... Leyla xanıma telefonla başsağlığı verəndə bölük komandiri vəd verib ki, sağ qayıtsam, Ruslanın necə igid əsgər olması haqqında ətraflı danışacağam. Amma Elvin də Şuşa döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra leytenant Elvin Məmmədzadə Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” , əsgər Ruslan Abbasov  isə “Vətən uğrunda” , “Füzulinin  azad olunmasına görə” Cəsur döyüşçü medalları ilə təltif edildi.

Şəhid anası Leyla xanımın yeganə arzusu Qaradağ rayonunun Ümid qəsəbəsində şəhid ailələrinə veriləcək mənzildə Ruslanın adına çıraq yandırmaq, otaqların birində onun xatirə güşəsini yaratmaqdır. Ruslanın da keçdiyi qısa və şərəfli ömür yolu göstərir ki, o, Vətənə, anaya məhəbbəti, xalqına və soykökünə sədaqəti ilə yaddaşlarda əbədi yaşamağa haqq qazanıb.