2021/04/16177-6471558368.jpg

line
Adı: Ağasiyev
Soyadı: Elşən
Ata adı: Ağabala
Doğum tarixi: 22.09.1999
Şəhid olub: 03.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı

 Elşən Ağasıyev 1999-cu ildə Xaçmaz şəhərində doğulub. Müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanan qəhrəman əsgər düşmənlə savaşa atılan ilk döyüşçülərimizin sırasında yer alıb. Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.


Döyüş yoldaşlarının bildirdiyinə görə, Elşən savaşın ilk günlərində yaralansa da, ön cəbhəni tərk etməyərək, döyüşməyə davam edib. "Elşən mehriban və vətənpərvər övlad idi. Biz onu elə tərbiyə etmişdik. Döyüşlər başlayanda hamı məni qınayırdı. Deyirdilər, çox narahatsan. Mənim narahatlığım elə-belə deyildi. Çünki mən oğlumu tanıyırdım. Bilirdim ki, Elşən sakit duran deyil, irəli atılacaq. Onu saxlamaq mümkün deyil. Axırıncı dəfə sentyabrın 30-da danışdıq. Bizimlə sağollaşıb, halallaşdı. Allaha çox sağ ol deyirəm ki, mənə bu cür oğul bəxş edib. Qısa ömrü ilə mənə çox böyük qürur yaşatdı. Cəmi 21 il yaşadı. Amma tarix yazıb getdi. Oğlumla fəxr edirəm”, - deyə şəhidin anası Zəminə Ağasıyeva söyləyib.

Elşən Ağasıyevin atası I Qarabağ savaşında dörd il könüllü döyüşüb. Oğlu hərbi xidmətə yollananda atasına bildirib ki, onların yarımçıq qoyduğu işləri tamamlayıb, torpaqlarımızı düşməndən azad edəcək.


“Ötən ilin may ayında hərbi xidmətə başlamışdı. Vətən müharibəsində digər istiqamətlərlə yanaşı, Talış və Suqovuşan uğrunda gedən döyüşlərin də iştirakçısı olub. Suqovuşanda şəhidlik zirvəsinə ucalıb. Mən özüm də 1992-ci ildə Qarabağ döyüşlərində könüllü iştirak etmişəm. Dörd il Füzuli, Ağdam cəbhələrində savaşda olmuşam. Oğlum döyüşən Tərtər istiqamətində isə olmamışam. E lşən həmişə deyirdi: "Ata, sizin yarımçıq qoyduğunuz işləri tamamlayacağam". Doğurdan da döyüşdü və söz verdiyi kimi, bizim bacarmadığımızı həyata keçirdilər. Torpaqlarımız düşməndən azad olundu. Əsgər yoldaşlarının dediyinə görə, Elşən ayağından yaralansa da, döyüşü tərk etməyib və axıradək qəhrəmanlıqla vuruşub. Elə bilirdim ki, oğluma heç nə olmayacaq. Şəhid olacağı ağlıma gəlmirdi. Amma o, Vətən yolunda şəhid oldu”, - deyə şəhidin atası Ağabala Ağasıyev bildirib.

Şəhidin qardaşı Sənan deyir ki, Elşən ona həm qardaş, həm dost olub: “Bir yerdə idmana getmişik. Sərbəst güləşlə məşğul olurdu. Medallar da qazanıb. Müharibədən danışanda irəli getdiklərini deyirdi. Dostlarına bildirmişdi ki, şəhid olacaq. Elə də oldu. Oktyabrın 3-də şəhidlik zirvəsinə ucalması ilə bağlı xəbər aldıq”.

Şəhid Elşən Ağasıyev ölümündən sonra “Laçının azad olunmasına görə” , "Suqovuşanın azad olunmasına görə" ,, “Vətən uğrunda” "İgidliyə görə" medalları ilə təltif edilib.