Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri Ağazadə Emin Valik oğlu 22 mart, 1991-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb, 2010-cu il noyabr ayında xidmətini başa vurub. O, Füzuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
Azərbaycanın igid oğlu Emin Ağazadə gülərüz, istiqanlı, ailəsinə bağlı idi. Həyat yoldaşı Leyla xanım onun barəsində deyir:
“Ailə üzvlərinin gözünə baxan kimi istəklərini tez anlayırdı. Böyük qızımız Mələyə qarşı isə hədsiz sevgisi vardı. Mələk də onsuz qala bilmirdi. Eminin xarakterində kimisə incitmək və ya onunla küsülü qalmaq yox idi. O, hər zaman hamını razı salmağı çalışardı. Prezidentin səfərbərlik çağırışını eşidən kimi komissarlığa gedərək, döyüşməyə hazır olduğunu bildirdi.
Nəhayət, oktyabrın 5-də qeydiyyat üçün hərbi komissarlığa çağırıldı. Emin o an çox sevincli idi, çünki gözlədiyi vaxt gəlib çatmışdı. O, hamı ilə vidalaşdı. Gedərkən dedi ki, -"Gedirəm, görərsiniz bayrağa bürünüb gələcəyəm. Şuşanı alıb, qayıdacağam..."
Hər gün bizimlə əlaqə saxlayırdı, vəziyyətimizlə maraqlanırdı. Son dəfə oktyabrın 23-də gecə zəng etdi və qızımız Mələyin səsini eşitmək istədi. O gün səsi çox qəribə idi. Telefon zəngində vidalaşdığı zaman mənə dedi: "Leyla, Laçına gedirik... Allaha əmanət olun! Mənə heç nə olan deyil... Qayıdacağam... Uşaqlara yaxşı bax! Sonra 2 gün ərzində Emindən xəbər ala bilmədik ”.
Azərbaycanın tarix yazan igid oğlu Emin şəhid olduqdan 4 ay sonra ikinci qızı Emiliya dünyaya gəlib.
Qəhrəman Emin Ağazadə oktyabrın 25-i gecə Laçın istiqamətində yoldaşları ilə birlikdə ön cəbhəyə gedərkən maşında vurularaq sol ayağından qəlpə yarası alıb və əbədiyyətə qovuşub.
Şəhid Emin Ağazadə oktyabrın 27-də İsmayıllı rayonunun Kürdmaşı kəndindəki qəbiristanlıqda dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid əsgər Emin Ağazadə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.