2021/04/18655-1617953332.jpg

line
Adı: Nəsirov
Soyadı: Elçin
Ata adı: Ramiz
Doğum tarixi: 13.01.1988
Şəhid olub: 24.10.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

Nəsirov Elçin Ramiz oğlu 13 yanvar 1988-ci ildə Füzulinin Əhmədalılar kəndində doğulub. 1993-cü ildə I Qarabağ müharibəsi ilə əlaqədar məcburi köçkün kimi İmişli rayonunda məskunlaşıb. 1994-cü ildən İmişlidəki 2 saylı tam orta məktəbdə təhsilə başlayıb. 2006-cı ildə Füzuli rayon Əhmədalılar kənd Baxşalı Əliyev adına tam orta məktəbini bitirib. 2006-2008-ci illərdə Həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülkü işlərdə işləyən Elçinin vətən sevgisi, hərbçi olmaq arzusu 2016-cı ildə onu könüllü, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmağa sövq edir.


27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində cəsarətlə döyüşən E.Nəsirov  oktyabrın 24-də Füzuli rayon Qorqan kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Əhmədalılar kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhadətindən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad edilməsinə görə", "Vətən uğrunda” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.


Bacısı Zülfiyyə xanım deyir: "Elçin hərbidə kəşfiyyatçı snayper vəzifəsində idi. Döyüş yoldaşları onun haqqında çox dəqiq tuşlayıcı, məsuliyyətli hərbçi olduğunu, nişan aldığı hədəfin boşa çıxmadığını, öz həyatını təhlükəyə atıb, özündən əvvəlki postda döyüşən hərbçilər üçün sürünərək yemək-su təminatı çatdırdığını deyirlər.


Elçin futbolu çox sevirdi, hətta məktəb dövründə kənd uşaqlarından ibarət futbol komandası yaratmış, kəndlərarası, rayonlararası yarışlarda iştirak edərdi. 2016-cı ildə aprel döyüşlərində kəndimizin igid oğullarından Orxan Həmidov şəhid olandan sonra Elçini hərbçi olmaq fikrindən heç kim ayıra bilmədi. Elçin "Orxan 2 övlad sahibi olaraq şəhid olub vətən uğrunda canından keçibsə, mən niyə keçməməliyəm" - deyərək o gündən MAXE olaraq fəaliyyətə başlayır.


Şəhadətindən bir gün əvvəl Elçin evə anamı, atamı görmək üçün gəlmişdi, üzündə yorğunluq, gözlərində bir durğunluq vardı, sanki. Anam ona "oğul, paltarını dəyiş, yuyum, təmiz geyin, get" - dedi. O isə "ana, paltarımı elə ehtiyatla yu ki, o paltarda nə qədər şəhid qanı var, bilmirəm, bəlkə mənim də qanım o qanlara qarışdı, onda üzülməzsən, oğlunla fəxr edərsən" - dedi".


Həmin gün gedənə kimi ailəsinə "bəlkə də sizi son dəfə görürəm" - deyib Elçin. Həqiqətən də elə olub. Evdən gedənin səhəri gün onun şəhidlik xəbəri ailəsinə verilib. Atası Ramiz Nəsirov oğlunun yoxluğuna dözməyib, 10 yanvar 2021-ci ildə vəfat edib.