Həmidov Elşən Məzahir oğlu 28 avqust 1979-cu ildə Füzulinin Əhmədalılar kəndində doğulub.
1986-1996-cı illərdə B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəbində təhsil alıb. 1998-ci ildə Həqiqi Hərbi xidmət keçib. 2002-ci ildə ANAMA Ərazilərin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyində 18 il Tədqiqatçı minaaxtaran vəzifəsində işləyib.
15 avqust 2020-ci ildə Füzulidə yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə sürücü olaraq könüllü fəaliyyətə başlayıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin fəal iştirakçısı E.Həmidov noyabrın 8-də Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhramancasına şəhid olub və Əhmədalılar kəndində dəfn edilib.
Ailəli olan şəhidimizin 3 övladı yadigar qaldı. 11-ci sinifdə oxuyan qızı Tavat deyir ki, atası şəhadətə qovuşmazdan bir gün öncə evlərinə ailəsini görməyə gəlib.
Onlarla bir neçə saatlıq gözəl vaxt keçirəndən sonra səhər təhlükəli bir yerə gedəcəyini, əgər şəhid olarsa, üzülməmələrini, qürurlu olmağı tapşırıb. Səhər erkən saatlarda həyat yoldaşı Leyla xanımla, övladlarıyla vidalaşıb, yoldaşına son sözlərini deyib, uşaqları əmanət edib və cəbhəyə yollanıb. O gedəndən 3 saat sonra şəhidlik xəbəri gəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Həmidov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalı ilə təltif edildi.