30 mart 1985-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəbrayıl rayonu Yuxarı Mərcanlı kənd orta məktəbində 1-ci sinfə daxil olub. Cəbrayıl rayonu işğal olunanda ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb, 2002-ci ildə Nizami rayonunda yerləşən Fizuli rayon 88 nömrəli məktəbi bitirib. 2002-2006-cı illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb.
2006-2007-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olan Elçinin ən böyük arzularından biri də işğal altında olan doğma Cəbrayılına qovuşmaq idi. Gündən-günə artan vətən həsrəti və düşmənə nifrət hissi Elçinin 2012-ci ildən yenidən ordu sıralarına gəlməsinə səbəb oldu. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsində müxtəlif vəzifələrdə xidmət edən Elçin hər bir sərhədçi kimi səbirsizliklə işğal altında olan ərazilərin azad olunması uğrunda zəfər yürüşünün başlanacağı günü gözləyirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Elçin dünyaya göz açdığı doğma Cəbrayılın azadlığını gördükdən sonra elə doğma torpaqda şəhadətə yüksəlib. 13 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Baş leytenant Əzizov Elçin Əvəz oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "Hərbi xidmətlərə görə" medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
15 oktyabr 2020-ci ildə Bakı şəhərində 2-ci Şəhidlər xiyabanında dəfn olunub.
Ailəli idi, 3 övladı yadigar qaldı.
**
Qardaşı Cavid Əzizov deyir ki, Elçini Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi işə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev şəxsən qəbul etmiş, bu bacarıqlı oğlanın onun rəhbərliyi altında xidmət etməsini istəmişdi. Qəbul zamanı general ona belə bir sual da vermişdi:
- Səni Azərbaycanın ən ucqar bölgəsinə xidmətə göndərsəm gedərsənmi?
Elçin Əzizov düşünmədən cavab vermişdi:
- Cənab general, Azərbaycanın bayrağı harda dalğalanırsa, mən orda sevə-sevə xidmət etməyə hazıram.
Vətənin ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını bərpa etmək üçün xidmətə başlayan Elçin Əzizov tezliklə xüsusi təyinatlı kimi cəbhənin müxtəlif istiqamətlərinə ezam olundu. Ağdərə bölgəsində, Talış kəndi istiqamətində oldu, daha sonra doğma rayonuna - Cəbrayılın Cocuq Mərcanlı kəndindəki Lələ təpəsinə gəldi.
Elçin Əzizov nümunəvi xidmətinə görə bir sıra təltif aldı.
2016-cı ildə baş verən Aprel döyüşlərində göstərdiyi fədakarlığa görə baş leytenant hərbi rütbəsinə layiq görüldü.
Ailə üzvləri deyirlər ki, Elçin xaraktercə nəsildə hamıdan fərqli bir insan idi:
“Həddindən çox ünsiyyətcil, deyib-gülən, zarafatından qalmayan, qurub-yaratmaq üçün alışıb-yanan, yenilik sevən, imkanı daxilində kiməsə əl tutmağa, yardım etməyə çalışan bir insan idi. Sonradan bilmişdik ki, qızının sinif yoldaşının evinə bazarlıq edib aparıb, dəfələrlə imkansız ailədən olan əsgərlərin cibinə pul qoyub... Yəni bunları özü bizə deməmişdi... Sonradan öyrənmişik..
O qədər ünsiyyətcil, söz-söhbət adamı idi ki, onunla bir yerdə olan, yol gedən adam darıxmazdı. Hər dəfə onu ezamiyyətə göndərəndə əsgər yoldaşları çalışırdılar ki, Elçin olan maşına minsinlər. Onunla yol gedirdinsə, mənzil başına neçə çatdığından xəbərin olmazdı. Evə gələndə də hamını başına toplayır, o qədər şirin söhbət edirdi ki, bir də baxırdın gecə yarıya çatıb.
Sazı, saz havalarını çox sevirdi, özü çala bilməsə də, birini alıb evə qoymuşdu”.
Baş leytenant kimi qüsursuz xidmətə davam edən Elçin Əzizov inanırdı ki, bir gün Ali Baş Komandan torpaqlarımızı azad etmək üçün “İrəli!” komandası verəcək. Və nəhayət o gün gəldi...
Sentyabrın 27-də Vətən Müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri Elçin idi.
“O, bütün varlığı ilə inanırdı ki, bu müharibə bizim qələbəmizlə bitəcək. Elçin bizim hansı bir şərəfsiz düşmənlə üz-üzə dayandığımızı yaxşı bilirdi. Buna görə də yalnız Qələbə üçün vuruşmalı olduğumuzu vurğulayırdı.
Onu ancaq irəli getmək, düşməni geri oturtmaq, məhv etmək, torpaqlarımızı düşmən tapdağlndan xilas etmək düşündürürdü. Bizimlə telefon əlaqəsi saxlayanda da çox nikbin əhval-ruhiyyədə olur, zarafatından qalmır, narahat olmamağımızı tövsiyə edir, bayrağımızın tezliklə Cəbrayılda, Zəngilanda, Şuşada dalğalanacağını söyləyirdi”,- deyə Elçinin dayısı, həm də qayınatası Vaqif Əhmədov bildirir...
Evdə anası, xanımı və 3 azyaşlı uşağı Elçindən nigaran idi... Baş leytenant bunu bilirdi, amma uzun müddət intizarla gözlədiyi döyüşdə qorxu gözünə görünmür, hər nə olursa-olsun irəliləməyimizi istəyirdi...
Onun xəyalı Qarabağda - doğma Cəbrayılda, Füzulidə, Qubadlıda, Laçında, Zəngilanda, Ağdamda, Şuşada dolaşırdı. Qəlbinin vətən haraylı çağırışının arxasınca uçmağa da hazır idi ki, işğal altındakı torpaqlarımıza çata bilsin.
Müharibədən uğurla dönəcəyinə söz vermişdi... Savaşda qələbənin hansı ağır məhrumiyyətlər hesabına başa gəldiyini təsəvvür etmək çətin deyil. Vətən məhəbbəti, Qələbə eşqi bütün bunlara dözməyi, hər ağrıya-acıya üstün gəlməyi digər hərbçilər kimi Elçin Əzizova da “öyrətmişdi”.
44 günlük Vətən Müharibəsində qazanılmış böyük qələbədə Elçin Əzizovun da payı, xüsusi rolu oldu.
Elçin şəhid olmazdan əvvəl doğma Cəbrayılın azadlığı uğrunda vuruşdu, doğulduğu Böyük Mərcanlı kəndinin düşmən tapdağından xilas olmağını görə bildi...
O, Füzuli-Cəbrayıl istiqamətində gedən qanlı döyüşlərdə cəsurluq nümayiş etdirdi, bir sıra yaşayış məntəqələrinin düşməndən geri alınmasında iştirak etdi...
Dayısı Vaqif müəllimin sözlərinə görə, Böyük Mərcanlı işğaldan azad olundan sonra kənddəki xarabalıq mənzərədən təsirlənən Elçin hətta babası Oruc kişinin dağıdılmış iş yerinin qarşısında oturub ağlayıb da.
Cəsur zabitimizin sonuncu dayandığı yer Cəbrayıl rayonundakı Mahmudlu sərhəd zastavası idi.
Oktyabrın 13-də baş leytenant Elçin Əzizov Naxçıvandan olan mayor Malik Əliyevlə birgə Cəbrayıl rayonunun Sarıcallı kəndində ağır yaralanmış hərbçilərimizi xilas etməyə - savaş meydanından çıxarmağa gedərkən düşmən idarə olunan raketlə onların maşınını vurdu. Bu amansız atəş hər iki zabitimizi şəhid etdi...
Onu son mənzilə yola salmağa böyük izdiham toplaşmışdı. Baş leytenant Elçin Əzizov oktyabrın 15-də Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn edildi.
Şəhidin 4-cü sinifdə oxuyan böyük oğlu Yusif atasının hansı amal uğrunda canını fəda etdiyini yaxşı anlayır və bu üzdən də böyüyəndə hərbçi olmaq istədiyini deyir. Yaşından böyük düşüncə qabiliyyətinə malik olmağı ilə fərqlənən Yusifin bu günlərdə atasının məzarı üstünə yazıb qoyduğu məktub hamını təsirləndirib:
“Atam şəhid olandan sonra hərə bizə bir cürə yardım edir. Kaş onların yerinə mənə atamı bir dəfə qucaqlayıb öpmək və səsini eşitmək hədiyyəsini verə biləydilər”,-deyə o, məktubda qeyd edib.
Atasının Şəhadətə qovuşması balaca Yüsifin həyatında yeni bir səhifə açıb, onu şərəfli bir yola çıxarıb. Eləcə də digər övladları Duyğu və Uğuru...
Elçin Əzizovun şəhid olmazdan öncə ən sonuncu danışığı dayısı-qayınatası Vaqif Əhmədovla olub:
“Səhər-səhər zəng etmişdi, dedi vəziyyət çox yaxşıdı, ordumuz irəliləyir, yaxşı xəbərlər olacaq... İki saatdan sonra zəng çatmadı, telefonu sönmüşdü”...
Bundan öncəki gün Elçin həyat yoldaşı Sevda Orucova ilə əlaqə saxlamış, daha doğrusu telefonda yazışmışdılar...
“Tez gəl atası, o səni unudur, tanımır” deyə Sevda xanım noyabrın 1-də 1 yaşını tamam edəcək sonbeşik oğlu Uğuru nəzərdə tutaraq, Elçinə yazmışdı.
Baş leytenant isə sanki şəhid olacağını bilirmiş və xanımına verdiyi cavabda şəhadət yolundan bəhs etmişdi:
“Sevda, sənə indiyə qədər deməmişəm, bu gecə ola bilsin nəsə olsun. İşdi, birdən nəsə olsa, narahat olmayın. Bir də şər deməsən, xeyir gəlməz. Birdən mənə nəsə olar, olsa, uşaqlar sənə əmanət, sən də Allaha. Öpürəm. Səni sevmişəm, sevirəm, sevəcəm həmişə... Bir də atamın yanına qoyarsınız məni...”.
Bu sözlərin qarşılığında “Elçin, dəlisən?”,-deyə xanımı baş leytenanta etirazını bildirmişdi...
Bu, onların sonuncu danışığı olur... Və Elçinin ürəyinə daman başına gəlir,.. zabitimiz şəhidlik zirvəsinə ucalır...
Noyabrın 10-da Qarabağda apardığımız Vətən Müharibəsi qələbəylə yekunlaşdı. Qələbədə payı olan Elçin də Qarabağın işğaldan azad edildiyi günü görməli, dogma kəndinin xilas edilməsinə doyunca sevinməliydi... Amma böyük və tarixi qələbəmizin sevincli günlərini görmək Elçinə qismət olmadı.
Bu, şəhidimizi dünyaya gətirən, onu böyüdüb boya-başa çatdıran qadını - Mələk ananı yandırıb-yaxsa da, oğlunu Vətən yolunda qurban verməyindən qürur duyur, fəxr edir...
Dayısı Vaqif Əhmədov:
“Elçinin arzusu, istəyi çox idi... Deyirdi ki, Cəbrayıl işğaldan azad olunandan sonra doğma rayondakı sərhəd zastavasında xidmət etmək istəyir, ata-baba yurdunda qurub-yaratmağı arzulayırdı”.
Elçin Əzizov vaxtilə Milli Qəhrəman Mübariz İbrahimovla birgə xidmət etmişdi... Tez-tez Mübarizin qəbrini ziyarət edirmiş...
Mübariz İbrahimov şəhid olandan sonra Azərbaycan əsgərinin hər biri bir MÜBARİZ olmuşdu!!! Elçin də həmçinin...
O, məhz Mübariz İbrahimovun getdiyi yolla yürüdü...