2021/04/hesen-1617977361.jpg

line
Adı: Həsənov
Soyadı: Həsən
Ata adı: Səfər
Doğum tarixi: 03.06.1996
Şəhid olub: 20.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı

Ailənin dörd övladından biri olan Həsən 3 iyun 1996-cı ildə Sabirabad rayonunun Quruzma kəndində dünyaya gəlmişdi. Yıxıla-dura böyümüş, ilk addımları ilə valideynlərinə sevinc bəxş etmişdi. Ata-anası “oğuldan oğul, qızdan qız” valideyni olduqları üçün uca Yaradandan razı idilər...


Həsən 2002-ci ildə Z.Əliyev adına Qəzli kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2014-cü ildə məktəbi bitirib vətən borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanıb. Xidmətini Mingəçevir “N” saylı hərbi hissədə, Quru Qoşunlarının sıralarında kəşfiyyatçı kimi kimi yerinə yetirən Həsən, vaxtaşırı komandanlığın tapşırıqlarına əsasən,düşmən tərəfə keçərək lazımi hərbi məlumatları əldə edərək geri qayıdırdı. Qəlbində düşmənə sonsuz nifrəti, vətənə məhəbbət hissi yaşayan Həsən, daim qaynar nöqtələrdə olmağa can atırdı. Bu istəyi onu hətta qanunları pozmağa da vadar edib. 2016-cı ildə o, məlum Aprel döyüşlərində iştirak etmək üçün xidməti hissədən icazəsiz çıxaraq ordu kəşfiyyatı qrupundan olan MAXE hərbi qulluqçularla birgə cəbhəyə gedib, lakin komandanlıq tərəfindən geri qaytarılaraq Göranboyda bir ay əlavə xidmətlə cəzalandırılıb...


2016-cı ilin may ayında ordu sıralarından tərxis olunaraq doğma kəndinə qayıdan Həsən Həsənov müxtəlif işlərdə çalışsa da, fikri cəbhədə idi,hər gün baş verən hadisələri izləyir və orda olmaq, düşmənə həddini göstərmək üçün fürsət axtarırdı. Bu fikirlə o,Tovuz hadisələri zamanı çağırış gözləmədən döyüş zonasına gedib, üç gün sonra isə geri dönərək könüllü cəbhəyə getmək üçün Hərbi Komissarlığa ərizə ilə müraciət edib. 2020-ci il sentyabr ayının ortalarında Müdafiə Nazirliyindən telefonuna daxil olan zənglə arzusu qismən reallaşıb və 21 sentyabr günü Ölkə Prezidenti İlham Əliyevin ilk çağırışı ilə cəbhəyə yollanıb...


Beyləqanda yerləşən “N” saylı hərbi hissədə təlimlərə qoşulan Həsən, müharibənin ilk başlandığı 27 sentyabr günündən etibarən Ordu Kəşfiyyatı Qrupu ilə döyüşlərə qatılıb. Kəşfiyyatçı döyüşçü Füzuli, Cəbrayıl, Hadrut, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, Zəngilanın dörd, Qubadlının isə üç kəndi uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak edib, düşmənin çoxlu sayda canlı qüvvəsinin, hərbi zirehli texnikasının məhv edilməsində, yaralı yoldaşlarının vaxtında təxliyyə olunmasında xüsusi igidlik göstərib, döyüşlərin birində düşmən mühasirəsinə düşən döyüşçülərin sağ-salamat mühasirədən çıxarılmasını təmin edib.


Cəsur döyüşçü oktyabr ayının 20-də, Qubadlının Bala Soltanlı kəndi uğrunda gedən çətin və qanlı döyüşlərdə ağır qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb və doğulduğu Qəzli kəndində torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sərəncamla “Vətən Uğrunda” medalı ilə təltif edilib.


Həsən ailəli idi, tezliklə ata olacaqdı...