Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Nuriyev Nofəl Xaliq oğlu 9 yanvar 1988-ci ildə Goranboy rayonun Qızılhacılı qəsəbəsində anadan olub. Orta təhsilini aldıqdan sonra Mingəçevirdə yerləşən Tibb Kollecdə təhsil almışdır.
Kolleci bitirdikdən sonra hərbi həkimlik ixtisasına yönələn Nuriyev hərbi vəzifəsinə başlamışdır. 2011-ci ildən Naftalanda, Sarıcalıda və Sarovda yerləşən hərbi və səhra hospitallarında hərbi həkim çalışmışdır. Nofəl Nuriyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak etmiş, yaralı hərbçilərə yerindəcə tibbi yardım göstərmişdir.
Azərbaycan Ordusunun çavuşu olan Nofəl Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi həkim - feldşer kimi ön cəbhədə döyüşlərdə iştirak etmişdir. Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərə qatılıb. 29 sentyabr 2020-ci ildə Ağdərə-Suqovuşan döyüşləri gedişatında "Qaranlıq meşə" adlanan ərazidə hərbi tibbi vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.
2011-ci ildə ailə həyatı quran Nofəl Nuriyevin Güllü və Ayşə adlı qızları və 2020-ci ilin iyun ayında dünyaya göz açmış oğlu Ali yadigar qaldı.
Şəhidimizin anası Fatma xanımın dediklərindən:
“Oğlum oğlunu, övladını bəlkə də 4-5 dəfə görmüşdü, ya görməmişdi…Ali dünyaya gələn vaxt koronavirusa görə, Nofəli iş yerindən buraxmırdılar, deyirdilər ki, iş yerində qal…Sonra da müharibə… Balam balasının üzünü heç əməlli-başlı, doyunca da görə bilmədi (gözləri dolur)…Qızları da hələ uşaqdır…Yas günlərində də onları başqa yerə göndərirdim ki, stress, həyəcan keçirməsinlər…Hələ də atalarının məzarı üstünə aparmamışam…Güllü xüsusilə, çox həssas uşaqdır…Atasının paltarlarını qucaqlayıb yatır…Həyətdə “ata” sözü yazır, “ürək” şəkli çəkir…Bunları gördükcə ürəyim parçalanır…Amma neyləmək olar, bu üç körpəyə görə yaşamalıyam, yaşamaq lazımdır…Nə qədər çətin olsa da…”.
Ailəsi Nofəli axırıncı dəfə elə Şəhid olduğu gün, ayın 29-da görüb…
Fatma xanım belə xatırlayır:
“Həmin gün səhər tezdən onu yola saldım, arxasınca su atdım…Haradan biləydim ki, bu, onunla sonuncu görüşümüzdür, balam bir daha geri dönməyəcək…Elə 29-u axşam da Şəhid oldu… Amma nəşi oktyabrın 10-da bizə təhvil verildi və elə həmin gün torpağa tapşırıldı…Nofəl çox İgid, çox Qorxmaz oğuluydu…Həm də çox əladəltli, çox mərhəmətli, çox rəhmdil idi…Son tikəsini belə hamıyla bölüşərdi…Kimsəni incitməzdi, xətrinə dəyməzdi…Övladım olduğu üçün demirəm, kimdən soruşsanız belə deyər…Hərbçi, döyüş yoldaşları, tanıyan-bilən hər kəs bu gün də ondan ağız dolusu danışır, onu tərifləyir…Ruhu şad olsun balamın…Allah bütün Şəhid analarının, Şəhid ailələrinin, Şəhid valideynlərinin, Şəhid xanımlarının, Şəhid övladlarıının səbrini versin!”
Fatma xanım İkinci Vətən Müharibəsində daha bir əzizini, daha bir doğmasını, bacısının oğlunu- 24 yaşlı İlkin Səfail oğlu Vəliyevi itirib…
Fatma xanımın dediklərindən:
“Mən bu müharibədə əslində bir oğlumu deyil, iki oğlumu itirdim, oğlum, övladım qədər çox istədiyim İlkini, rəhmətlik bacımın oğlunu itirdim…Bacım cavan yaşlarında dünyasını dəyişmişdi, iki övladı, iki oğlu əmanət qalmışdı…Demək olar ki, uşaqlıqları bizim evdə keçmişdi…Hər iksini, xüsusilə, İlkini çox istəyirdim, öz oğlum, övladım bilirdim…İlkini də Nofəldən 16 gündən sonra itirdik, “Tülkü dərəsi” yerdə Şəhid oldu…Oktyabrın 26-da torpağa tapşırdıq…Zərbə dalınca zərbə, dərd dalınca dərd…Nur içində yatsın!”