44 günlük Vətən müharibəsində iştirak edən və adını Şəhidlik adlı uca zirvəyə yazdıran Vətən oğullarından biri də 22 yaşlı leytenant Elmar İsa oğlu Bayramlıdır. O, 1998-ci il, sentyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 2005-ci ilin sentyabrın 1-də Qazax rayonunun Birinci Şıxlı kənd ümumi orta məktəbin I sinfinə daxil olub. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin XI sinfini bitirib.
2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2020-ci ildə oranı bitirib. 2020-ci ildə leytenant rütbəsi alıb, “Tağım komandiri” vəzifəsində xidmətə başlayıb.
Leytenantımız 2020-ci il, sentyabrın 29-da Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Bir gün sonra Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
Ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.