Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Rauf İlyas oğlu Əliyevdir.
Rauf Əliyev 1993-cü ilin 11 fevralında Şamaxı şəhərində anadan olub. Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecini tar ixtisası üzrə bitirib. 2012-2014-cü illərdə ordu sıralarında xidmət edib.
Rauf Əliyev 2015-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində tar müəllimi işləyirdi. Məktəbdə çalışdığı dövr ərzində kollektivin rəğbətini qazanıb. Uğurla tədris etdiyi dərslər, uşaqlarla səmimi ünsiyyət qurmaq bacarığı qısa müddətdə onu şagirdlərinin sevimli müəlliminə çevirmişdi.
Ermənistan işğalçı hərbi birləşmələrinin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi. Vətən müharibəsi başlandı. Sentyabrın 28-də səfərbərlik üzrə orduya çağırılan Rauf Əliyev də ön cəbhəyə yola düşdü. Vətən torpaqları uğrunda gedən döyüşlərə qatıldı. Tarzən müəllim sentyabrın 30-da Ağdərə istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucaldı...
Rauf Əliyev doğulub boya-başa çatdığı Şamaxıda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.