Ramil Balabəyov 2001-ci il fevralın 21-də Köhnə Xudat kəndində anadan olub. Kənd tam orta məktəbində təhsil aldığı illərdə özünü ictimai tədbirlərdə, dərs prosesində fəal şagird kimi göstərib. Xoşrəftarlı və səmimi bir oğlan olan Ramil öz həmyaşıdlarının, həm də kənd camaatının hörmətini qazanmışdı.
Ramil Balabəyov aşağı siniflərdən hərbçi olmaq arzusunu heç kəsdən gizlətmirdi. Lakin o, zabit olmaq arzusunu gerçəkləşdirməyə macal tapmadı. Vətən torpaqlarının 20 faizinin düşmən tərəfindən işğal olması ilə heç cür barışa bilməyən yeniyetmə əsgərliyə çağırış vərəqəsini alanda tərəddüd etmədən həmyaşıdlarına qoşuldu.
Bu, 2019-cu ilin aprel ayı-yaz çağırışı dövrü idi. Ramil əsgəri həyata, yeni həyat tərzinə tez alışdı. Qısa müddət ərzində özünü hər cəhətdən hazırlıqlı döyüşçü kimi göstərə bildi. Cəbhə bölgəsində-Tərtər rayonunda xidmət edirdi. Komandirləri ondan çox razı idilər. Müharibə başlayan gündən düşmənlə üz-üzə, cəsarətlə vuruşurdu. Amma qələbəyədək yaşamadı, okyabrın 1-də Tərtər-Fizuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tüş gələrək şəhid oldu.
Ramilin şəhidlik xəbərini alan atası Ruslan kişi kövrəlsə də, qürurunu sındırmadı. “O, mənim, kəndin, elimizin başımı ucaltdı. Ölümü ilə ən yüksək, şəhidlik zirvəsinə qalxdı. Təki Vətən yaşasın”,- dedi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidlər ölmürlər. İllər, qərinələr keçəcək, adi, sıravi insanlar unudulacaq, Ramil, eləcə də cənnət yolunun yolçuları olan bütün şəhidlər tariximizdə daim yaşayacaqlar.