Vüsal Sərhədxan oğlu Cəfərov 6 mart 1989-cu ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2006-cı ildə Göytəpə şəhər 1 saylı məktəbin 11-ci sinfini bitirib. O, 2007-ci ilin aprel ayında həqiqi hərbi xidmətə gedib, Naxçıvan Muxtar respublikasının Ordubad rayonunda əsgəri borcunu yerinə yetirib. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra evə qayıdıb.
Vüsal Cəfərov 2013-cü il iyul ayının 29-da MN-nin Beyləqanda yerləşən N saylı kəşfiyyat taborunda kəşfiyyatçı kimi müddətdən artıq xidmətə başlayıb. O, 2016-cı ilin aprel döyüşlərində də fəal iştirak edib.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Vüsal Cəfərov da Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı döyüşlərində bir kəşfiyyatçı kimi yüksək peşəkarlıq göstərib. Cəbhə yoldaşlarının verdiyi məlumata görə, 100-dən çox düşməni məhv etmiş, neçə-neçə yaralı əsgərimizi ərazidən çıxarıb.
Cəfərov Vüsal oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, şəhidlik məqamına yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəfərov Vüsal ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən,ölümündən sonra 3- cü dərəcəli"Vətənə xidmətə görə " medalı ilə təltif edilib..