"Bir neçə ay öncə ölümcül bir qəzadan möcüzəvi şəkildə sağ qurtaranda heç kim düşünməzdi ki, Abdulcəmil şəhid olmaq üçün sağ qalıb".
Bu sözləri 1977-ci il təvəllüdlü şəhid Bilalov Abdulcəmil Xəqani oğlu haqqında danışan bibisi qızı Arzu Abdullayeva deyib.
Onun sözlərinə görə, şəhid bir neçə ay əvvəl ağır qəza keçirib. Hətta bunu şəhidin özü döyüşdə olarkən evə zəng etdiyi vaxt xatırladaraq deyib ki, o vaxt mənə heç nə olmadı, bəlkə indi nə isə olar.
Abdulcəmil döyüşdə 11 ermənini məhv edərək qolundan yaralanıb. Amma buna baxmayaraq, yenidən döyüşə davam edib.
Abdulcəmil Bilalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə vuruşub. Abdulcəmil Bilalov noyabrın 1-də Ağdərə istiqamətində şəhid olub. 20 Noyabrda Göyçay rayonunun Ləkçılpaq kəndində dəfn olunub.
Şəhidin bibisi qızı deyir ki, Abdulcəmil anadan olanda hamı onun anasını qınayıb ki, 1 oğlun, 1 qızın var, 3-cü uşağı neynirsən? Gəlinbacım o vaxt hamıya eyni cavabı verirmiş: "Bu oğlumu Vətən üçün böyüdürəm". Sanki dayımın yoldaşı oğlunun şəhid olacağını elə o vaxtdan hiss edib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulcəmil Bilalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.