2021/04/Scree-1618212519.jpg

line
Adı: Siyasət
Soyadı: Nadirov
Ata adı: Kamil
Doğum tarixi: 18.02.2001
Şəhid olub: 21.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Vətən Müharibəsinin cəsur döyüşçülərindən biri də şəhid Siyasət Kamil oğlu Nadirov.

Siyasət Nadirov 2001-ci il fevralın 18-də Sabirabad rayo­nunun Şəhriyar kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən vətənpərvərliyi ilə seçilib. Siyasət Nadirov Şəhriyar kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Göranboydakı "N” saylı hərbi hissəsində əsgəri xidmətini başa vurub evə dönməliydi. Ancaq Vətən Müharibəsi başladı. Siyasət Nadirov Vətən müharibəsi başlandığı gündən döyüş əməliyyatlarına qatılıb. İgid əsgər kimi vuruşub. Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin anası Məmləkət xanım 9 uşaq böyüdüb boya-başa çatdırıb. Həyat yoldaşı rəhmətə getdiyindən övladlarını təkbaşına böyüdüb. Siyasət Nadirov ailənin sonbeşiyi idi. Şəhidinin anası kəndində olarkən Məmləkət xanım bildirir ki, oğlu Siyasət Vətənə olan borcunu layiqincə yerinə yetirdi. Döyüş yoldaşları oğlumun qisasını artıqlaması ilə aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı.

Şəhidin bacısı oğlu Kamal Xəlilov isə vurğulayır ki, dayım həmişə bizə Vətənə məhəbbətindən danışırdı. Bizi də vətənpərvər olmağa çağırırdı. Deyirdi ki, Vətənini qoruya bilməyən ailəsini də qoruya bilməz. Biz onunla fəxr edir, qürur duyuruq.

Oktyabrın 1-də tərxis olunmalı idi, amma 27 sentyabrda Vətən Müharibəsi başladığından elə birbaşa döyüşlərə qatılıb və Ağdərə-Talış istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına qalxıb. 16 oktyabrda yaralansa da uzun müddət dəqiq məlumat əldə etmək mümkün olmayıb. 2020-ci il noyabrın 21-də şəhidlik şərbətini içərək əbədiyyətə qovuşub… Əvvəl itkin hesab olunan şəhidin nəşi anasının dediyinə görə ondan götürülən qan analizinin nəticəsinə əsasən müəyyənləşdirilib. Siyasət Nadirov Şəhriyar kənd qəbristanlığında dəfn olunub və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.