Məmmədli Şahı Eman oğlu 1995-ci il iyunun 6-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub.
2013-ci ildə həqiqi hərbi xidmətə yollanan Ş.Məmmədli xidməti dövründə fəallığı və cəsurluğu ilə seçilib. 2015-cü ildə xidmətini başa vuraraq evinə geri dönüb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılan qəhrəman döyüşə gedərkən oğlu 22 günlük olub.
Ş.Məmmədli gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş zamanı 16 yaralı hərbçi dostunun həyatını xilas edib. Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək, şəhidlik zirvəsinə yüksəlib.
Ailəsi 44 gün ondan xəbər ala bilməyib. Əvvəl onun girov düşdüyünü zənn etsələr də, sonradan şəhid olması barədə məlumat alıblar.
Şahı Məmmədli dekabrın 1-i doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
İndi Ş.Məmmədlidən dörd aylıq körpəsi Ömər Məmmədli yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şahı Məmmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.