2021/09/tl-1632608209.jpg

line
Adı: Həsənov
Soyadı: Əsəd
Ata adı: Fərhad
Doğum tarixi: 16.04.1988
Şəhid olub: 01.10.2020
Rütbəsi: Kapitan
Təltifləri
«Vətən uğrunda» medalı«Ağdamın azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
“Hüseyn oğlum mənimlə həmişə fəxr etsin, çünki onun atası qəhrəman olacaq” deyə son vəsiyyətini yazıb göndərən kapitan Əsəd Həsənov dediyi kimi də etdi. O, şəhidlik zirvəsinə ucalaraq nəinki övladı, bütün Azərbaycanın fəxrinə çevrilən tarix yazan qəhrəmanlarımızdan biri oldu.


Əsəd Həsənov 1988-ci ildə aprelin 16-da İmişli rayonu Şahverdili kəndində dünyaya göz açıb. Həsənovlar ailəsi əslən Zəngəzurdan idi. Vətən həsrəti ilə yaşayan ailənin tək övladı olan Əsəd hələ kiçik yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyub. Əsəd Ali Hərbi Məktəbə daxil olub, daha sonra bir zabit olaraq vətən keşiyində dayanıb.



Azərbaycan Ordusunun kapitanı olan Əsəd Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərargah rəisi idi və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib. Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əsəd Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Əsəd Həsənov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Əsəd Həsənov   "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı,  "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif olunub.

Ailəli idi. 3 yaşlı Mələk adında qızı və 2 yaşlı Hüseyn adında oğlu yadigar qaldı.

Şəhidin anası Mələk Həsənova oğlundan fəxrlə və qürurla danışır: “Əsəd uşaq yaşlarından məğrurluğu, qürurlu olması ilə seçilirdi. Orta məktəbdə oxuyanda hərbçi olmaq istəyirəm. Evin tək oğlan övladı olduğu üçün əvvəl bir az israr etdik. Amma o dediyindən dönmədi. Mənə deyirdi ki, sən hərbçi anasısan, mən tək sənin yox, vətənin oğluyam. Biz də onunla hər zaman fəxr etdik, əvvəl baş leytenant, sonra kapitan rütbəsi aldı. Sonuncu dəfə müharibədən 10 gün əvvəl övladının ad günündə gəlmişdi. Biz onunla söhbətləşdik, danışdıq, güldük. Sentyabrın 20-də yenidən öz işinə qayıtdı. Sentyabrın 27-i günü isə zəng edərək hal-əhval tutdu, salamat qalın deyib sağollaşdı. Oktyabrın 1-də səhər tezdən zəng etdi, hər kəsi bir-bir soruşdu, mən də ona bir ana xeyr-duası verdim. Həmin günün günorta vaxtı şəhid xəbəri gəldi”. İndi şəhid anası fəxrlə söyləyir ki, nə qədər övlad itkisi ağır olsa da, biz başımızı dik tutmalıyıq, çünki balalarımızın qanı axmasaydı, biz bu qələbə sevincini də yaşamazdıq.



Əsədin döyüş yolundan danışan atası Fərhad Həsənov bildirib ki, “Əsəd peşəkar zabit olub. Artilleriyada qərargah rəisi olan Əsəd düşmənlə Ağdam rayonunda olan cəbhədə döyüşüb. Əsədin komandanlıq etdiyi artilleriya düşmənin 3 batareyasını darmadağın edib. Onun dəqiq koordinatları sayəsində ermənilərin 5 zenit qurğusu da məhv edilib. Daha sonra o istiqamətdə şəhid olub. Şükürlər olsun ki, Qarabağımız azad edildi. Sağ olsun Ali Baş Komandan, onun rəhbərliyi ilə vətənimiz düşmən tapdağından azad edildi”.


Əsəd son vəsiyyətini bacısına yazıb. Bu haqda danışan şəhid bacısı Günay Həsənova deyib: “Sentyabrın 27-də mənə yazdı ki, “öpürəm, hər birinizi bağrıma basıram, özünüzdən muğayat olun, balalarımıza yaxşı baxın, onları sizə tapşırıram”. Daha sonra ikinci dəfə yazdı “Hüseyn oğlum həmişə mənimlə fəxr etsin, çünki onun atası qəhrəman olacaq”. Bu sözlərdən narahat olsam da, amma qardaşıma çox arxayın olduğum üçün sakit idim. Qardaşım şəhid olacağını sanki hiss etmişdi, çünki onun hər zaman üzərində bayraq olardı. Şəhid olmazdan iki gün əvvəl həmin bayrağı öz döyüşçü yoldaşına verir ki, bu bayrağı Şuşaya sancarsan. Komandirindən xahiş edib ki, şəklimi çək, bu, mənim sonuncu şəklim olacaq. Onun ən sevdiyi gül isə xarıbülbül idi. Hər zaman deyirdi ki, bu gül bizdən kömək istəyir. Qardaşımla fəxr edirəm. Sağ olsun Ali Baş Komandanımız və ordumuz bu gözəl günü bizə yaşatdı, torpaqlarımız yağı düşməndən azad edildi”.