44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən igidlərdən biri də Astaradan olan Samiq Rizvan oğlu Rəhmanovdur.
Samiq Rəhmanov 1989-cu ildə Astaranın Səncərədi kəndində dünyaya gəlib.
Orta məkəbi bitirdikdən sonra hərbi xidmətə gedən Samiq Rizvan oğlu Rəhmanov 2014-cü ildən müddətdən artıq hərbi xidmətə əsgər kimi başlayıb. Snayper kursunu keçdikdən sonra aprel döyüşlərində yaxından iştirak edib.
Samiq sonradan çavuş və baş çavuş rütbələrinə yüksəlib. Onun döyüşlərdə iştirakı hələ 2016-cı ilin aprelində Lələtəpədən başlayıb. Vətən Müharibəsində döyüş yolunu Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlıda davam etdirib.
Azərbaycan Ordusunun çavuşu olan Samiq Rəhmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samiq Rəhmanov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunun Səncərədi kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Rəhmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Rəhmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Rəhmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.