Leytenant Quliyev Ramin Rizvan oğlu Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayırdı. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə təhsil alıb. Vətənə olan sevgisi hərb sahəsini seçməsinə səbəb oldu.
Ramin Quliyev 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olub. 2016-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olub. Təhsilini bitirdikdən sonra Ağdama hərbi xidmətə yollanır...
Vətən müharibəsi başlayanda ön sıralarda gedən igid qorxmaz Azərbaycan oğullarından biri də Ramin idi.
Şəhidin atası da birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Qarabağa olan sevgisi əlbət buradan qaynaqlanır. Ramin Quliyev atasının başladığı işi Zəfər ilə tamamladı.
44 günlük Vətən müharibəsinin qəhrəmanı Şəhid Leytenant Ramin Quliyev Suqovuşanın azad olunmasında qəhrəmancasına döyüşüb. Düşmənin canlı qüvvəsinin, hərbi texnikalarının məhvində və qənimət kimi elə keçirilməsində Raminin də payı var.
Ramin oktyabrın 10-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Ramin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.