Onların şücaəti, saz havasında köklənib, muğam pərdəsində yüksəlib, qayalardan qıy vurub süzən qartal əzminin kulminasiyasında cəmləşmişdi. Qarabağ- hüsnü ilə təbiətin gözəlliyində şeiriyyətə dönən, ədəbiyyatda saflıq və təbiilik axışında gözəl əsərlərə çevrilmiş doğma yurd idi. Torpaq o zaman Vətən olur ki, o sənin yurdundu və sən onu qorumağa çalışırsan. Bu yurdun torpağı da, havası da, suyu və insanları da sənə doğmadı.
Və bu doğmalıq uğruna özünü səfərbər edir, candan öncə Vətəndir-deyə özünü səngərə atırsan. Döyüş meydanı əsl ərən meydanıdır. Bu meydanda igidlik göstərmək isə ən böyük şərəfdir. Müasir tariximiz qəhrəmanlıq səhifələri ilə zəngindir. Zaman-zaman baş verən savaşlar yalnız torpaq uğrunda olmuşdur ki, hal-hazırda da “Qarabağ” adıyla davam etməkdədi.. “Canımızı verərik, amma Vətəndən keçmərik”- deyə döyüşlərə atılanlar sırasında bir igidin də adı var.
Anar Çingiz oğlu Qarayevin.
O, Qax rayonu Almalı kəndində dünyaya göz açıb. Almalı kənd orta məktəbini bitirən Anar öz biliyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur. Hələ məktəbdə oxuyarkən müəllimlərin etimad və sevgisini qazanaraq, tarixi daha dərindən öyrənməyə başlayır. Onun düşüncə tərzi gənclik auditoruiyasından çıxıb ahıl düşüncə tərzində bərqərar olmuşdu. Müzakirələri sevir, prinspiallılığı ilə, faktlar və istinadlarla mövzu aktuallığının isbatını verirdi. Məhz buna görə də elmə, biliyə hörmətlə yanaşan insanlar Anarı sevirdilər. O, öz məqsəd və istəyi uğrunda sona qədər savaşmağı bacarırdı. Bu xarakteri də onu ən uca məqama qaldırdı. Atası Çingiz təbiətcə sakit insan idi. Klassik baxışlı, ahıl təbiətli, səbr və təmkinli biri kimi kənd insanlarının böyük rəğbətini qazanmışdı. Anar gözünün ilk ovu idi. Onu nə qədər çox sevsə də, ərköyünləşməsinə imkan verməmişdi. İki övlad atası olan Çingiz Qarayev Anar və Allahverdinin ali təhissilli olmaları üçün bütün səylərini ortaya qoymuşdular. Və övladları da onların üzünü ağ eləmişdilər. Hər ikisi ali məktəbə qəbul olunmuşdu. Bizim dəyərlər sistemimizdə “Valideyn haqqı” adlı konsepsiyamız var. Valideynlər övladlarının bu haqqa sahib çıxmalarına təkcə öz mənafeləri baxımından maraqlı deyillər. Onlar övladlarına ali dəyərlərdən birini – valideyn haqqını təlqin etməklə və son nəticədə ona əməl etmələrinə vəsilə olmaqla bu mexanizmin cəmiyyətdə bir dəyər kimi yaşamasını və inkişaf etməsini təmin etmiş olurlar. Üstəlik də dəyərlərimizin fövqündə cəmiyyətə yararlı bir vətəndaş təqdim etmiş olurlar. Və bu vətəndaşlar artıq ailə auditoriyasından çıxıb vətəndaş cəmiyyətində yaşamağa başlayırlar. Anar da belə idi. O, cəmiyyət içində mövqeyini qazanmaq əzmilə, öz həyat yolunu da cızmağa başlamışdı. O, öz problemlərini evə daşımırdı. Özü həll etməyə çalışırdı. Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının tələbəsi olaraq dərslərinə intizamla yanaşan Anar tətil günlərində günəmuzd iş tapıb işləyirdi. Hətta o, filialdan Bakıya transfer olunanda belə, valideyn köməyindən istifadə etməmişdi. Bakıda qardaşı ilə birgə kirayədə qalıb, tətil günlərində də iş tapıb, işləyirdi. O,özünü isbat etdikcə, məqsəd və amalına yaxınlaşdıqca qürurlanırdı. Zövq alırdı bundan. Bir neçə dil bilirdi. Öyrənməyə tənbəlliyi yoxdu. Yay ayları Azərbaycana gələn turistlərlə ünsiyyət yaradır, vətənimizin gözəl guşələrini gəzməyə aparardı. O qədər həyat şövqlü idi ki… Çılğın ruhu onu daha çöxuna sövq edirdi. O, laləzar çəmənin bülbülünə bənzəyirdi. Bütün gözəlliklərin rayihəsinə bürünmək üçün bütün çiçəklərə toxunmağa çalışan, susmayan..Onun bu çırpınışı, nəhayət Azərbaycanın qəhrəmanlıq dastanında dincəldi. Universiteti fərqlənmə ilə bitirən Anar Qarayev 04 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılır. N saylı Hərbi Hissədə qulluğa başlayan bu vətənpərvər gənc evdən ayrılarkən kövrələn atasına bir söz verir. “Mən elə bir ali mərtəbəyə yüksələcəyəm ki, siz mənimlə fəxr edəcəksiz hər zaman, ata!”. Sanki şəhadətini hiss edirmiş kimi qürurla, fəxrlə ailəsi və qonumları ilə görüşüb gedən Anar vədinə sadiq qalır. Onun gedişi ərəfəsində mənfur düşmən yenə də öz təxribatlarını davam etdirməyə başlayır. Artıq səbri tükənən xalq yenə də həmrəy olaraq ayağa qalxıb Ali Baş Komandanın ətrafında sıx birləşir. 30 ilə yaxın işğalda olan Qarabağın azadlığı uğrunda savaş başlanır. 27 sentyabr 2020-ci ildə başlayan, “II Qarabağ savaşı” adı ilə tarixə düşən Vətən müharibəsinin savaşçılarından biri olur Anar. Döyüşçü yoldaşları onun savadı və vətənpərvərliyindən, qəhrəmanlığından ağız dolusu danışırlar. Suqovuşanda gedən savaşda ön cərgələrdə olan qəhrəman şücaətlə döyüşür. 04 oktyabr tarixində qızğın döyüşlərdə qəhrəmancasına həlak olur. Şəhadətə yüksələn, ali məqama sahib olan şəhidi el böyük alqışla qarşılayır. Almalı kənd Şəhid Məzarlığında torpağa tapşırılan Anarın şəhid məzarı el sevgisinə, gül-çiçəyə bürünür. Bununla da o, təkcə ailəsinə, kökünə, nəslinə mənsub olmadığını, bütövlükdə xalqına, vətəninə oğul olmaq haqqına mənsub olduğunu göstərdi. Döyüşçü yoldaşı, əslən Qaxın Qum kəndindən olan Turan Quşiyev Anar haqqında xatirəsini bölüşür: “Anar əsgərlik həyatına başladığı gündən hamıya sevdirmişdi özünü. Bilikli olduğu qədər də çox cəsarətli idi. O, qəhrəmanlıqla vuruşurdu. Canavar kimi, cəsarətlə addımını irəli atırdı. Ailənin nəsil davamçısı kimi sıradan bir oğul olmadığını sübut etdi və daha böyük missiya ilə həyata gəldiyini düşünməyə əsas verdi. Suqovuşanda düşmənin atdığı mərmidən bəzilərimiz yaralandıq, Anar və başqa döyüşçülərimiz şəhid düşdülər. Anar tariximizi yaxşı bilirdi. O, Azərbaycan tarixinin hansı səhifəsindən istəsən diskussiya açır, isbatla, faktlarla şərh verirdi. Cəsarət və fəallığına görə o, batalyon komandirindən təltif də almışdı. O, fədaidir! Vətən uğrunda canından keçdi. Onun əziz xatirəsi hər zaman yaddaşımızda yaşayacaq”.
Cəsarətlə iradə qəlbdə görüşəndə qəhrəmanlıq olur. Örnək ömrə sahib olmaq, el sevgisinə bürünmək ali məqamın ekzotikasıdır. Bütün məktəblilərin, gənclərin şəhid məzarına açdığı cığır, azad vətənin sərhəddinə açılan yoldur. Vətəni sevmək imandandırsa, qorumaq da vicdandandır ki, Anar da vicdan borcunu ödəmiş oldu! Anası Afiyət xanımın şəhid oğluna söylədiyi laylalar milyonların nəğməsində yaşadacaqdı Anarı. O, oğlundan fəxrlə, qürurla danışırdı. Başının ucalığı, dikliyi oğlunun uca taxtına baxmağındandı. Haqqı vardı buna! Çünki, o OĞULU bu alilikdə onlar böyütmüşdülər. Vətən sevgisini onlar aşılamışdılar Anara!
Anarın şəhid düşdüyü günü diplomunun hazır olduğu xəbəri gəldi. Ailəsinin, yaxınlarının sevinclə gözlədiyi o gün, kədərin aşıb-daşdığı günə nəsib oldu. Universitet müəllimləri və tələbə yoldaşları diplomunu məzarına gətirdilər. Göz yaşlarına boğulan müəllimləri, tələbə yoldaşları onun mehribanlığından, həvəslə oxumağından, fəallığından danışdılar.
“Bu gün cismani yoxluğun bir acı həqiqət kimi ortada olsa belə, sən bizim aramızdasan! Sən xalqın ürəyində taxt qurdun, oğul. Sənin cəbhə bölgəsində göstərdiyin şücaət haqqında eşitdiklərimiz nə nağıldı, nə də xalq tərəfindən yaradılmiş qəhrəman obrazı. Bu, gənc ömründə səni ali bir mərtəbəyə ucaldan qeyrətin, ləyaqətin, fədakarlığındı! Sən öz adını tarixə qızıl hərflərlə yazdın, Anar!”- deyə göz yaşında boğulan müəllimi diplomunu məzardaşından gülümsəyən Anara təqdim edib. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli oğullar sırasına bir oğul da qatıldı! Anar Çingiz oğlu Qarayev!
Anar qısa bir ömür yaşadı, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşdu. Sinəsini sipər edib torpağını qorudu! Şəhidlərin, günahsız insanların qisasını alaraq şəhadətə yüksəldi! Özündən sonrakı nəsillərə örnək oldu! Vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrətdi. Heyif ki, Qələbəni görmədi! Məhz onların qanı bahasına Qarabağ işğaldan azad oldu. Qaçqın-köçkün statusu ləğv olundu. Milyonların rəhməti şəhid məzarında hər gün layla kimi səslənəcək! Bu el, bu oba onu heç zaman unutmayacaq. Bu nəslin nümayəndələri öz övladlarına Məlikməmməd nağılı yox, Anarın nağılını danışacaqlar.
Ruhun şad olsun, şəhidim!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Anar Qarayev ölümündən sonra "Vətən müharibəsi iştirakçısı" , "Ağdamın azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə" , "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.