2021/01/rahib-1609850272.jpg

line
Adı: Rahib
Soyadı: Hacı-İsmayılov
Ata adı: Məmmədemin
Doğum tarixi: 17.09.1991
Şəhid olub: 20.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Hacı-İsmayılov Rahib Məmmədemin oğlu 17 sentyabr 1991-ci ildə anadan olub. O, dostu Vasiflə sentyabrın 29-da könüllü olaraq Şəkidəki hərbi Komissarlığa gələrək, müharibəyə getmək, erməni dığalarını Vətən torpağından qovmaq arzusu ilə çırpındıqlarını bəyan ediblər.

Sentyabr ayının 30-dan könüllü olaraq döyüşlərə gedən Rahib Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Daha sonra Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən igidimiz Ağdərənin azadlığı uğrunda gedən ağır döyüşlərdə oktyabrın 20-si qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tərlan Gülüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Anası Tangiz xanımın dedikləridən:
- İş yoldaşları, dostları, həmçinin Hərbi Komissarlıqda deyiblər ki, hələ getmə, nə vaxt çağırış olsa, onda gedərsən. Rahib cavab verib ki, sən getmə, mən getməyim, bəs Vətəni erməni dığalarından kim təmizləsin? Mən Xocalı faciəsi haqqında onlarca kitablar oxumuş, şəkillər görmüşəm və elə həmin vaxtdan qəlbimdə yeganə arzum olub: Onların qisasını almalıyam. Erməni vandalları alman faşistlərinin Osvensimdə, Buhenvaldda törətdikləri vəhşilikdən daha qəddarcasına vəhşilik nümayiş etdiriblər.


Qardaşı Rəvan Məmmədemin oğlu:
- Rahib çox ünsiyyətcil, zarafatcıl, millətini sevən birirsiydi. Tərtərdə bir neçə gün ərzində özünə onlarla dost tapmışdı. Göyçaylı dostu Niftəliyev Ruslan, Ağayev Ülvi bizimlə telefon əlaqəsi yaradaraq, Malıqayada, Tülkü dərəsində, Qapanlıda, Qarağatda necə rəşadətlə, igidliklə döyüşdüklərindən cani-dildən, həvəslə danışırdılar. Üç uşaq atası olan Ruslan son dəfə mənimlə danışanda için-için ağlayaraq, deyirdi ki, Rahib məndən ötrü qardaşdan da irəli idi. Onunla söhbətlərim olanda bildirmişdim ki, dördüncü övladım oğlan olarsa, adını Rahib qoyacağam. Kaş ki, mən özüm şəhid olaydım...


Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.


Anası Tangiz xanımın dediklərindən:
- Rahiblə hər gün sübh tezdən, 6.30-da telefonla danışırdım... Oktyabrın 19-da yenə zəng vurdu –Ay ana, mən saat 5-dən oyağam, amma döyüşə getməzdən öncə sənin səsini eşitmək istəyirəm, - dedi.


Əmisi Elçin Hacıismayılovun dedikləri:
- Oktyabrın 20-də İH-dən Rasim müəllim mənə telefon açaraq, görüş təyin etdi. Görüşərkən mənə Rahibin yaralandığını söylədi. Ona bildirdim ki, döyüşçü yaralananda yaxını, ailə üzvü ilə əlaqə yaratmırlar, deyin görək, nə baş verib. Rahibin şəhid olduğunu anasına demədik... Rahibi dəfn edəndə evimizdən Şəhidlər xiyabanınadək “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları bir an susmadı...


Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.


Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları az müddətlik də olsa, dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq, bir daha şəhid olmağı arzulayacaqlar. Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir.