Babək Vaqif oğlu Abışov 1994-cü il aprelin 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. 2002-ci ildə Yeni Mil kənd R.Quliyev adına tam orta məktəbin 1-ci sinfinə gedib. 2009-2012-ci illərdə təhsilini Vilayət Cəfərov adına Milabad qəsəbə tam orta məktəbində davam etdirib.
Babək hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsində çəkib. 2014-cü il yanvar ayında hərbi xidmətin gizirlik kursunu keçib. Aprel döyüşlərində iştirak edib. Vətənə xidmət göstərdiyi müddətdə Fəxri Fərman və medalla təltif olunub. Şəhidimiz ailəli idi, Vaqif və Nuray adlı 2 övladı bizlərə yadigar qalıb.
Gizir Babək Abışov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəmizdə Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Düşmənin keçilməz üç səngərini yarıb, çox sayda canlı qüvvəsini məhv edib. Postda olarkən erməni təxribatı nəticəsində güllələr altında qalan yaralı yoldaşlarını komandiri ilə birgə çiyinlərinə alaraq mühasirədən çıxarıb. Babək Abışov 27 sentyabrda snayperlə vurularaq şəhid olub. Beyləqan rayonu, Yeni Mil qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Babək ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.