2021/04/Umman-3236832868.jpg

line
Adı: Əmiraslanov
Soyadı: Ümman
Ata adı: Namiq
Doğum tarixi: 21.12.1996
Şəhid olub: 02.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Ümman Namiq oğlu Əmiraslanov 1996-cı il, dekabrın 21-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dünyaya göz açıb. 3 bacının tək qardaşı idi. 2003-cü ildə Qəbələ rayonu Şəhid Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. 2009-2010-cu illərdə Şəki Islam Mədrəsəsində dini təhsil alıb.



2014-cü ildə Ümman məktəbi bitirib, lakin ayağında olan problemə görə hərbi xidmətə yararsız hesab edilib. Fəqət hərbi xidmətə getmək üçün çox israr edib və istəyinə nail olub. Sumqayıtda yerləşən hərbi hissədə xidmət edib. Orada öz istəyilə kəşfiyyat bölüyünə yazılıb. Hərbi xidməti zamanı komandirlərin rəğbətini qazanıb. 2016-cı ildə hərbi xidməti başa vuraraq, evinə dönüb. Əvvəlcə Qəbələdə marketdə işləyib. Daha sonra ailəsi ilə birgə Bakıya köçüb. “Araz” və “Bravo” marketlərində çalışıb. Pandemiya səbəbilə ailə yenidən kəndə qayıdıb. Qəbələdə “Oba” marketdə işləməyə başlayıb, idarəçi işinə qədər yüksəlib.



Polad Həşimovun şəhadəti Ümmanı bərk sarsıdıb. Elə buna görə də orduya könüllü yazılıb. Vətən müharibəsi başlayanda döyüşlərə yollanıb. Anası deyir ki, “Razı olmadım, dedim getmə. Atası II qrup əlil, qızım isə daun sindromludur. Dedi ki, "Haqqını halal elə, Allah saxlayanı kimsə öldürə bilməz! Qismət olsa, geri dönüb evlənəcəyəm. Yox, əgər şəhid olsam, bil ki, şəhidlik uca zirvədir, hər adama qismət olmur! ”...



Vətən müharibəmiz zamanı Ümman Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də şəhid olub. Qəbələ rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümman Əmiraslanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Prezidentin digər Sərəncamları əsasında şəhid Ümman, həmçinin "İgidliyə görə" "Suqovuşanın azad olunmasına görə " medalları ilə təltif edilib.



Ümman əmisi ilə telefon danışıqlarının birində döyüşdə olduğunu atasından gizlətməsini xahiş edib. Anası ilə danışanda isə bir daha halallıq alıb.
- Komandir "istirahət et" deyəndə isə “bura istirahətə gəlməmişik” söyləyib. Öz silahında problem olduğu üçün məhv etdiyi düşmən əsgərlərinin silahlarını yoxlayıb götürüb. Oktyabrın 2-də cümə namazına durub. Namaz vaxtı düşmən gülləsinə tuş gələrək, şəhadətə ucalıb. Oğlum çox imanlı idi. Həmişə namazda dua edirdi ki, "Allahım, məni yolumdan azdırma! Mənə şəhidlik qismət et!.." Mən təkcə oğul yox, həm də bir ata, bir qardaş, bir dost, arxa-dayaq itirdim,- şəhidin anası deyir.