2021/04/niyaz-4855256718.jpg

line
Adı: İsgəndərov
Soyadı: Niyazi
Ata adı: Şahvələd
Doğum tarixi: 13.10.1982
Şəhid olub: 04.10.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. Həmin qəhrəmanlarımızdan biri də Niyazi İsgəndərovdur. Niyazi Şahvələd oğlu İsgəndərov 1982-ci il oktyabrın 13-də Mingəçevir şəhərində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Niyazi İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Niyazi İsgəndərov oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyazi İsgəndərov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" medalı ilə təltif edilib.

Laçın və Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyazi İsgəndərov ölümündən sonra "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.



Niyazi axırıncı dəfə də ailəsi ilə oktyabrın 3-də, şəhidliyindən bir gün öncə danışıb…

Şəhidimizin anası Tovuz xanımın dediklərindən:

“Oğlum elə bir oğul idi ki, danışmaqla qurtarmaz…Çox qoçaq, çox qorxmaz, çox cəsur oğul idi…Hamı başına and içirdi…Axırıncı dəfə ayın 3-də danışdıq, dedi ki, “Ana, bilirsiniz haradayam?", dedim ki, "Haradasız?", dedi ki, "Suqovuşanda. Suqovuşanı almışıq, azad etmişik, Suqovuşan bizdədir”…Çox sevincli idi, çox sevinirdi…Bu, onunla sonuncu danışığımız oldu…Səhərisi, oktyabrın 4-ü nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı. Sən demə, balam elə həmin gün, oktyabrın 4-ü şəhid olubmuş. Amma onu bir həftə sonra, oktyabrın 11-də dəfn edə bildik. Balam oktyabrda dünyaya gəldi, oktyabrda da dünyasını dəyişdi, şəhid oldu. Oktyabrın 13-də, 38 yaş tamam olan balamın üç mərasimi idi. Bizi gözü yaşlı qoyub getdi bu dünyadan…”



Niyazi Mingəçevir şəhərində iki oğlu və həyat yoldaşı ilə birgə yataqxanada 12 kv metrlik bir otaqda qalırdı. Bu gün yoxluğu onun ailəsini çox sarsıtsa da onlar Niyazi ilə fəxr etdiklərini deyirlər. Şəhidin həyat yoldaşı Könül İsgəndərova Niyazinin döyüş yolundan belə danışır:



“Niyazi 2014-cü ildən hərbidədir. 2015-ci ilin avqust ayında, düşmənlə döyüşdə qara ciyəri ciddi zədələnmişdi. Tam sağalmamış 2016-cı ildə aprel döyüşlərinə qatıldı. İgidlik göstərdi, bir neçə düşməni məhv etdi, özü isə ağır qəlpə yarası aldı, gözləri belə zədələndi. Bədənində 152 tikiş yarası vardı. Bədənindəki 40 qəlpədən yarısı çıxarılmışdı. Sonuncu Vətən müharibəsində isə 30 sentyabrda sinəsindən ağır zərbə aldı. Keyləşdirici iynə vurub, yaralı-yaralı yenidən hərbçi dostlarının yanına qayıtdı, döyüşə davam elədi. Mən də bir ana kimi istərdim ki, iki oğlum da atalarıtək mərd və qəhrəmancasına böyüsünlər”.